Bakı.Trend:
Transadriatik qaz boru kəmərinin (TAP) və digər şirkətlərin İspaniyanın "Enagas" şirkətinin faizlər, vergilər və amortizasiya çıxılmadan əvvəlki mənfəətinə (EBITDA) töhfəsi 2026-cı ilin yanvar-sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 23,9 faiz artıb.
Bu barədə şirkətdən çərşənbə axşamı bildirilib.
“Beləliklə, şirkətlərin EBITDA-ya töhfəsi ötən ilin eyni dövründəki 117,7 milyon avro ilə müqayisədə 145,8 milyon avroya çatıb. Artım, əsasən, TAP-ın ötürücülük qabiliyyətinin artırılması və Fransanın qaz nəqli operatoru "Terega"nın səhmlərinin 31,5 faizinin alınması ilə bağlı olub. "Terega"nın səhmlərinin alınması üzrə sövdələşmə 2026-cı il iyulun 30-da başa çatıb”, - deyə "Enagas"dan bildirilib.
Məlumata görə, "Enagas" 2026-cı ilin ilk doqquz ayında ümumilikdə 204,1 milyon avro xalis mənfəət əldə edib.
“Bu göstəriciyə "Enagás Renovable" şirkətinin səhmlərinin 40 faizinin satışından əldə olunan müsbət maliyyə effekti daxildir. Bu amil nəzərə alınmadıqda, xalis mənfəət 195,8 milyon avro təşkil edib. İlin yekununda bu göstəricinin təxminən 235 milyon avroya çatacağı gözlənilir. Hesabat dövründə "Enagas"ın EBITDA göstəricisi ümumilikdə 491,5 milyon avro olub. Şirkətin illik hədəfi 620 milyon avrodur”, -deyə İspaniya şirkətindən bildirilib.
"Enagas"ın məlumatına əsasən, 2021-2026-cı illəri əhatə edən qüvvədəki tənzimləyici çərçivə ilə əlaqədar tənzimlənən gəlirlərin 45,1 milyon avro azalması maliyyə nəticələrinə təsir göstərib.
“Bu azalmanın qismən kompensasiya olunmasına mayeləşdirilmiş təbii qazın daşınması üçün nəzərdə tutulan "Alisios" LNG gəmisinin istismara verilməsi (əlavə 5,4 milyon avro gəlir) və fiber-optik infrastruktur sahəsində fəaliyyət göstərən "Axent" şirkətinin konsolidasiyası (5,9 milyon avro töhfə) kömək edib”, - şirkətdən izah edilib.
Bundan əlavə, şirkətdən bildirilib ki, yeni biznes istiqamətləri üzrə xərclər nəzərə alınmadan cari əməliyyat xərcləri 213,4 milyon avro təşkil edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz azdır. Şirkət bu azalmanı səmərəliliyin artırılması proqramının həyata keçirilməsi ilə əlaqələndirir və ilin yekununda xərclərin 1,5 faizlik artımı nəzərdə tutan plana uyğun olacağını gözləyir.
“Şirkətin ümumi borcuna xidmətin dəyəri 2025-ci il sentyabrın sonundakı 2,2 faizdən 2026-cı ilin sentyabr ayının sonuna 2,1 faizə enib. "Enagas"ın borcunun 80 faizindən çoxu sabit faiz dərəcəsi ilə olan öhdəliklərdən ibarətdir, borcun orta ödəmə müddəti isə 3,9 ildir”, - şirkətdən bildirilib.
Qeyd edək ki, TAP Cənub Qaz Dəhlizinin Avropa hissəsidir. Bu boru kəməri vasitəsilə Azərbaycanın “Şahdəniz” yatağından hasil olunan təbii qaz Avropa bazarlarına çatdırılır. Uzunluğu 878 kilometr olan boru kəməri Yunanıstan-Türkiyə sərhədindən başlayır, Yunanıstan və Albaniya ərazisindən keçir, Adriatik dənizini aşaraq İtaliyanın cənub sahillərinə çıxır.
2026-cı ilin yanvarından TAP-ın illik ötürücülük qabiliyyəti 1,2 milyard kubmetr artırılıb. Bu günədək boru kəməri vasitəsilə 60 milyard kubmetrdən çox qaz nəql edilib.
TAP-ın səhmdarları bp, SOCAR, "Snam", "Fluxys" və "Enagas" şirkətləridir. Onların hər biri TAP-ın səhmlərinin 20 faizinə sahibdir.
