Uitkoff Rusiyaya üçtərəfli danışıqların keçirilməsi ilə bağlı təklif təqdim edəcək

Dünya xəbərləri Xəbər 21 Oktyabr 2026 04:15 (UTC +04:00)
Uitkoff Rusiyaya üçtərəfli danışıqların keçirilməsi ilə bağlı təklif təqdim edəcək
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiyada Moskva, Vaşinqton və Kiyev arasında Ukrayna münaqişəsinin nizamlanmasına dair danışıqların keçirilməsi, eləcə də bu prosesə digər iştirakçıların cəlb olunması ilə bağlı təklifləri müzakirə etmək niyyətindədir. Bu barədə “Axios” portalının və İsrailin 12-ci telekanalının müxbiri Barak Ravid mənbələrinə istinadən “X” sosial şəbəkəsində məlumat verib.

Vaşinqton administrasiyasının nümayəndəsi jurnalistə bildirib: “Məqsəd Ukrayna və Avropa ilə münasibətlərdə əldə edilmiş irəliləyişi inkişaf etdirmək, təklifləri Rusiya ilə müzakirə etmək, birbaşa üçtərəfli və daha geniş çoxtərəfli danışıqlara yol açmaqdır”.

Onun sözlərinə görə, ABŞ liderinin kürəkəni Cared Kuşner qripə yoluxduğu üçün bu dəfə xüsusi nümayəndəni Rusiyaya səfəri zamanı şəxsən müşayiət etməyəcək. O, məsləhətləşmələrdə məsafədən iştirak edəcək.

Ravidin mənbəsi bildirib ki, oktyabrın 20-də Osloda Uitkoff, Ukrayna nümayəndə heyəti və Avropa təmsilçiləri arasında keçirilən məsləhətləşmələr hərtərəfli sülh konsepsiyasının bir sıra elementlərini əhatə edib. Bunlara Ukrayna üçün uzunmüddətli təhlükəsizlik təminatları, münaqişə başa çatdıqdan sonra iqtisadiyyatın bərpası planı, eləcə də “davamlı sabitliyi təmin etməyə yönəlmiş daha geniş Avropa təhlükəsizlik arxitekturası” daxildir.

Rəsmilərin sözlərinə görə, ABŞ, Ukrayna və Avropa arasında növbəti addımlarla bağlı “işçi səviyyəsində sıx qarşılıqlı anlaşma”, həmçinin münaqişəyə son qoymaq üçün praktiki həll yollarının axtarılmasına dair “ümumi öhdəlik” mövcuddur.

Ravidin mənbəsi əlavə edib ki, Kiyev “ətraflı müzakirə olunan yeni ideya və təkliflər irəli sürüb”. Bununla yanaşı, tərəflər Rusiya ilə qarşılıqlı fəaliyyətə dair əlaqələndirilmiş yanaşmanın razılaşdırılması və diplomatik prosesin irəlilədilməsi istiqamətində “əhəmiyyətli irəliləyişə nail olublar”. Rəsminin sözlərinə görə, ümumilikdə danışıqlar “çox məhsuldar və konstruktiv” olub.

Oktyabrın 20-də Norveçin paytaxtı Osloda Vladimir Zelenskinin rəhbərlik etdiyi Ukrayna nümayəndə heyəti Uitkoff və Avropa ölkələrinin nümayəndələri ilə görüş keçirib. TASS-ın mənbəsi Uitkoffun çərşənbə günü Rusiyaya səfər etmək planının təsdiqləndiyini bildirib.

Xəbər lenti

Xəbər lenti