Rusiya hərbi peyki Ukraynanın istifadə etdiyi Qərb peykinə bir neçə on metrədək yaxınlaşıb

Dünya xəbərləri Xəbər 20 Oktyabr 2026 22:15 (UTC +04:00)
Rusiya hərbi peyki Ukraynanın istifadə etdiyi Qərb peykinə bir neçə on metrədək yaxınlaşıb
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya hərbi peyki ABŞ ilə müqavilə əsasında fəaliyyət göstərən və Ukraynaya dəstək verən Avropanın kommersiya peykinə cəmi bir neçə on metr məsafəyədək yaxınlaşıb. Bu manevrlər sentyabrın sonunda, Rusiyanın “Kosmos-2612” hərbi peykinin sürətini qəfil dəyişərək Finlandiyanın İCEYE-X36 kommersiya peyki ilə eyni orbitə çıxması ilə başlayıb.

Rusiyanın aprel ayında aşağı Yer orbitinə çıxardığı “Kosmos-2612” daha sonra Finlandiya peykinə dərəcənin yüzdə birinədək dəqiqliklə yaxınlaşmaq üçün manevrlərini davam etdirib. AFP agentliyinin hər iki peykin hərəkət trayektoriyası ilə bağlı məlumatların təhlili göstərib ki, oktyabrın 18-i, bazar günü səhər saatlarında onların arasındakı məsafə 100 metrdən az olub.

Elmi ictimaiyyətin diqqətini çəkən bu hadisə Rusiya peykinin imkanları, xüsusilə kosmosda peykləri ələ keçirmək, rabitələrini pozmaq və ya müşahidə aparmaq potensialı ilə bağlı suallar doğurub. Rusiya peyklərinin başqa ölkələrə məxsus peyklərə yaxınlaşmaq üçün manevrlər etməsi ilk dəfə deyil.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) kosmik təhlükəsizlik üzrə mütəxəssisi Kleyton Svope AFP-yə bildirib: “Bir sıra amillərin üst-üstə düşməsi bu hadisəni xüsusilə narahatedici edib”.

Onun sözlərinə görə, Rusiya peyki Yerətrafı aşağı orbitdə Ukraynaya dəstək verən ICEYE kommersiya peyki ilə “eyni orbital müstəviyə yerləşib”.

Kleyton Svope qeyd edib ki, “Rusiya peykinin həyata keçirdiyi manevrləri dinc məqsədlərlə izah etmək üçün heç bir əsas yoxdur”. İCEYE şirkətinin ABŞ nümayəndəliyinin sözçüsü vəziyyətdən “xəbərdar olduqlarını” və onu “yaxından izlədiklərini” bildirib.

ABŞ Kosmik Qüvvələrinin (USSF) kosmik təhdidlərə həsr olunmuş hesabatında qeyd olunur ki, Rusiya bu ilin may ayında Ukraynanın istifadə etdiyi Qərbə məxsus kommersiya radar peykinin yaxınlığında dörd hərbi peyk yerləşdirmək üçün “çox böyük yanacaq sərfiyyatı tələb edən” orbital manevrlər həyata keçirib.

Həmin peyk də İCEYE-X36 kimi yüksək ayırdetmə qabiliyyətinə malik sintetik aperturlu radar (SAR) sensorları ilə təchiz olunub. Bu texnologiya Yer səthini gecə saatlarında və ya buludlu hava şəraitində də müşahidə etməyə imkan verir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti