Bakı.Trend:
Hörmüz boğazı vasitəsilə tədarükün gecikməsi Avropanın mayeləşdirilmiş təbii qaz (MTQ/LNG) idxalını 20,8 milyard kubmetr azalda bilər.
Bu barədə Oksford Enerji Tədqiqatları İnstitutunun (OIES) “Hörmüz boğazında MTQ-ni nə gözləyir? Alternativ ssenarilər” adlı hesabatında deyilir.
Qeyd olunur ki, Hörmüz boğazı vasitəsilə tədarükə qoyulan məhdudiyyətlər davam edərsə, qlobal qaz bazarında tarazlığın təmin edilməsinin əsas mexanizmi tələbatın və mayeləşdirilmiş təbii qaz (MTQ) idxalının azaldılması olacaq.
Hesabata əsasən, tədarükün 2027-ci ilin oktyabrında bərpasını nəzərdə tutan ssenari üzrə təklif çatışmazlığı 49 milyard kubmetr təşkil edəcək. “Digər MTQ ixracatçıları tədarükü 7,3 milyard kubmetr artıracaq ki, bunun da 6,5 milyard kubmetri Avstraliyanın payına düşəcək”.
“Qalan 41,7 milyard kubmetr və ya kəsirin 85 faizi tələbatın və MTQ idxalının azaldılması hesabına kompensasiya ediləcək. Avropanın payına 20,8 milyard kubmetr, Çinin payına 6,6 milyard kubmetr, Cənubi Asiya ölkələrinin payına 5,4 milyard kubmetr, Yaxın Şərq idxalçılarının payına isə 3,4 milyard kubmetr azalma düşəcək.
Tədarükə qoyulan məhdudiyyətlərin davam etməsi ssenarisində 2027-ci ildə kəsir 66,8 milyard kubmetrə çatacaq. Bu zaman digər ixracatçıların əlavə tədarükü 15,6 milyard kubmetr təşkil edəcək ki, bunun da 13,3 milyard kubmetrini Avstraliya təmin edəcək.
Bu ssenaridə MTQ idxalının azaldılması kəsirin 77 faizini kompensasiya edəcək. Avropanın MTQ idxalı 20,5 milyard kubmetr azalacaq ki, bu da tədarükün 2027-ci ilin oktyabrında bərpası ssenarisindəki göstəriciyə demək olar ki, uyğundur. Çinin idxalındakı azalma 11 milyard kubmetrə çatacaq.
MTQ tədarükünün böhrandan əvvəlki səviyyənin 50 faizinə bərpasını nəzərdə tutan ssenaridə kəsir 41,4 milyard kubmetr, təklifin əlavə həcmi isə 12 milyard kubmetr təşkil edəcək. MTQ idxalı 29,4 milyard kubmetr, yaxud ümumi kəsirin 71 faizi qədər azalacaq. Azalmanın 12,2 milyard kubmetri Avropanın, 5,9 milyard kubmetri isə Cənubi Asiyanın payına düşəcək”, - institut bildirir.
Hesabatda qeyd olunur ki, Fars körfəzi ölkələrindən adətən nisbətən az həcmdə MTQ idxal etməsinə baxmayaraq, bazarın tarazlaşdırılması üzrə əsas yük Avropanın üzərinə düşəcək.
“Avropada tənzimləmə əsasən 2027-ci ilin yayında yeraltı qaz anbarlarına qaz vurulmasının azaldılması hesabına həyata keçiriləcək. Faktiki istehlakın azalması isə daha məhdud olacaq.
Dünyanın digər regionlarında uyğunlaşmanın əsas mexanizmi qaz istehlakının azaldılması olacaq. Cənubi Asiya ölkələri də idxalı azaltmağa məcbur qalacaq ki, bu da kömür və neftə daha fəal keçidlə yanaşı, elektrik enerjisinin verilişində mümkün fasilələrə səbəb ola bilər.
Yaxın Şərq idxalçıları tədarükün 27-30 faizini itirəcəklər. Bununla belə, onlar elektrik enerjisi istehsalında və sənayedə xammal kimi istifadədə maye yanacaqlara qismən keçə biləcəklər.
Eyni zamanda, Yaponiya, Cənubi Koreya və Tayvan 2027-ci ildə nəzərdən keçirilən istənilən ssenari üzrə idxalı 1,2 faizdən çox azaltmayacaq. Hesabatda bu, qiymət fərqlərinin məhdud olması və alışları maliyyələşdirmək imkanları ilə izah edilir.
Nəzərdən keçirilən ssenarilərdə MTQ-nin əlavə tədarükünü əsasən Avstraliya təmin edəcək. OIES-in məlumatına görə, bu, baza ssenarisində Yaxın Şərqdən tədarük bərpa olunduqca Avstraliyanın müqavilələrlə əhatə olunmamış MTQ həcmlərinin bazardan sıxışdırılıb çıxarılması ilə bağlıdır. Alternativ ssenarilərdə isə təklif balansı daha da gərginləşdiyindən həmin həcmlərə yenidən tələbat yaranır”, - OIES bildirir.
Vurğulanır ki, ABŞ-dən MTQ ixracı 2027-ci ildə demək olar ki, dəyişməyəcək. Bu, hazırkı vəziyyətə uyğundur, çünki ABŞ-də qazın mayeləşdirilməsi zavodları artıq tam gücü ilə işləyir.
