Bakı. Trend:
“Şahdəniz” qaz-kondensat yatağında dəyəri 2,9 milyard ABŞ dolları olan “Şahdəniz Kompressiya” (ŞDK) layihəsi üzrə dənizdə tikinti işlərinə başlanılıb.
Bu barədə “bp Azerbaijan” şirkəti məlumat yayıb.
Bildirilib ki, layihə çərçivəsində platformanın dayaq blokunun əsasını təşkil edəcək dörd boru payanın dənizdə quraşdırılması uğurla başa çatdırılıb. Son bir neçə həftə ərzində payalar “Xankəndi” sualtı tikinti gəmisi vasitəsilə təhlükəsiz şəkildə dənizə daşınaraq quraşdırılıb.
Hər birinin uzunluğu təxminən 70 metr, diametri 108 düym, çəkisi isə 292 ton olan bu payalar bp-nin Xəzərdə indiyədək quraşdırdığı ən böyük diametrli boru payalardır. Quraşdırma zamanı onların sabitliyini və şaquli vəziyyətini təmin etmək üçün xüsusi hazırlanmış 188 tonluq sualtı dayaq tavasından istifadə olunub.
Qeyd edilib ki, əməliyyatlar zamanı bp-nin regiondakı fəaliyyətində ilk dəfə olaraq paya tıxacı texnologiyası tətbiq edilib.
Bu mərhələnin tamamlanması 2028-ci ilin birinci yarısında planlaşdırılan platformanın dayaq blokunun quraşdırılması üçün zəmin yaradır.
“Şahdəniz” yatağı Xəzər dənizinin dərinsulu şelfində, Bakıdan 70 kilometr cənub-şərqdə yerləşir və 140 kvadrat kilometrdən çox sahəni əhatə edir. 1999-cu ildə kəşf edilən yatağın ehtiyatları ilkin hesablamalara görə təxminən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat təşkil edir.
Yatağın işlənməsi mərhələli şəkildə həyata keçirilib. 2003-cü ildə birinci mərhələ üzrə yekun investisiya qərarı verilib və 2006-cı ildə kommersiya hasilatına başlanılıb. 2013-cü ildə isə “Şahdəniz 2” layihəsi təsdiqlənib və 2018-ci ildən hasilata daxil olub.
Hazırda layihənin inkişafı növbəti mərhələdə – kompressiya layihəsi çərçivəsində davam etdirilir. 2,9 milyard dollar dəyərində olan bu layihə yataqda aşağı təzyiqli qaz ehtiyatlarının hasilatını artırmağı hədəfləyir və əlavə təxminən 50 milyard kubmetr qazın əldə olunmasına imkan yaradacağı gözlənilir.
Eyni zamanda, “Şahdəniz” layihəsi Azərbaycanda yerli sənaye potensialının və ixtisaslı kadrların inkişafına da mühüm töhfə verib. Layihə çərçivəsində minlərlə iş yeri yaradılıb, yerli tikinti və xidmət şirkətləri beynəlxalq enerji layihələrinə inteqrasiya olunub.
bp-nin məlumatına görə, “Şahdəniz” yatağının fəaliyyətdə olan infrastrukturunun hazırkı hasilat gücü sutkada təxminən 76,8 milyon standart kubmetr qaz və ya ildə təxminən 28 milyard kubmetr qaz təşkil edir.
“Şahdəniz” layihəsində iştirak payları aşağıdakı kimi bölüşdürülür: bp (operator) – 29,99 faiz, LUKOIL – 19,99 faiz, TPAO – 19 faiz, SGC – 16,02 faiz, NICO – 10 faiz, MVM – 5 faiz.
