Azərbaycan itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün səylərini davam etdirəcək - Şəhriyar Hacıyev

Siyasət Xəbər 21 Oktyabr 2026 05:57 (UTC +04:00)
Azərbaycan itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün səylərini davam etdirəcək - Şəhriyar Hacıyev

Bakı. Trend:

Azərbaycan itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, kütləvi məzarlıqlarla bağlı məlumatların açıqlanması və bu istiqamətdə beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün səylərini davam etdirir.

Bunu BMT Baş Assambleyasının 81-ci sessiyasının Üçüncü Komitəsinin Məcburi Yoxa Çıxmalar üzrə Komitənin sədri ilə interaktiv dialoq zamanı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev deyib.

"Məcburi itkin düşmə halları insan hüquqlarına və əsas azadlıqlara sadiq olan istənilən cəmiyyətin ən fundamental dəyərlərinə xələl gətirir. İtkin düşmüş şəxslərin taleyinin və harada olduqlarının müəyyən edilməsi də daxil olmaqla, bu problemin həlli beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqları hüququ ilə müəyyən edilmiş öhdəliklərə ciddi riayət olunmasını tələb edir.

Müvafiq öhdəliklərin yerinə yetirilməsi və səmərəli beynəlxalq əməkdaşlıq zərərçəkmiş şəxslərin, onların ailələrinin və bütövlükdə cəmiyyətlərin əzablarının lazımi qaydada aradan qaldırılması və yüngülləşdirilməsi baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edir.

İtkin düşmüş şəxslər məsələsi silahlı münaqişələrin ən ciddi problemlərindən biridir və dünyanın müxtəlif bölgələrində insanların həyatına təsir edən qlobal çağırış kimi nəzərdən keçirilməlidir. Bu baxımdan, itkin düşmüş şəxslərin taleyi münaqişədən sonrakı dövrdə Azərbaycan üçün ən mühüm prioritetlərdən biri olaraq qalır. Əvvəlki münaqişə ilə əlaqədar 288 qadın, 71 uşaq və 319 yaşlı şəxs də daxil olmaqla, 4 000-dən çox insan itkin düşmüş şəxs kimi qeydə alınıb.

İşğaldan azad edilmiş ərazilərdə axtarış işləri intensivləşdirilib. Bu günədək 913 nəfərin qalıqları aşkar edilib, onlardan 328 nəfərin şəxsiyyəti DNT analizi və məhkəmə-tibbi ekspertiza üsulları vasitəsilə müəyyənləşdirilib. Şəxsiyyəti müəyyən edilmiş şəxslərdən 273 nəfərin qalıqları dəfn mərasimlərinin keçirilməsi üçün ailələrinə təhvil verilib.

Bununla yanaşı, münaqişə başa çatdıqdan sonra 253 nəfərin qalıqlarının aşkar edildiyi 32 kütləvi məzarlıq müəyyən olunub. Bu məzarlıqlar mülki şəxslərin və beynəlxalq humanitar hüquqla qorunan digər şəxslərin qəsdən öldürüldüyünə dair əlavə sübutlar təqdim edir.

İtkin düşmüş şəxslərin ailələrinin həqiqəti bilmək hüququnun təmin edilməsi üçün dəfn yerləri, xüsusilə kütləvi məzarlıqlar barədə bütün zəruri məlumatların təqdim edilməsi, arxivlərin açılması və şahid ifadələrinin toplanması həyata keçirilməli olan tədbirlər sırasındadır. İtkin düşmüş şəxslərlə bağlı bütün müvafiq məlumatların ötürülməsi hüquqi öhdəlik və humanitar məsuliyyət olmaqla yanaşı, sülhə sadiqliyin praktiki təzahürü kimi çıxış edər və qarşılıqlı etimadın möhkəmləndirilməsinə töhfə verər.

Beynəlxalq səylərinin bir hissəsi olaraq, Azərbaycan BMT Baş Assambleyasında itkin düşmüş şəxslərlə bağlı qətnamələrin qəbul edilməsi təşəbbüsləri ilə müntəzəm çıxış edir. Bundan əlavə, hər il təşkil olunan “İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu” beynəlxalq konfransı beynəlxalq əməkdaşlığın gücləndirilməsi yolu ilə bu humanitar problemin həllinə yönəlib. Konfransın dördüncüsü 2026-cı il oktyabrın 7-dən 10-dək “İtkin düşmüş şəxslər məsələsinin həlli üçün etimadın gücləndirilməsi və səmərəli mexanizmlərin hazırlanması” mövzusunda keçirilib.

Birləşmiş Millətlər Təşkilatı və digər müvafiq beynəlxalq təşkilatlar öz mandatları çərçivəsində axtarışların aparılmasında, məlumat mübadiləsinin asanlaşdırılmasında, məhkəmə-tibbi ekspertiza sahəsində peşəkar bilik və bacarıqların inkişaf etdirilməsində, eləcə də zərərçəkmiş ailələrə dəstəyin artırılmasında daha fəal rol oynamalıdırlar.

Sonda qeyd etmək istərdim ki, Azərbaycan taleyi və harada olduğu hələ də məlum olmayan şəxslər barədə həqiqətlərin üzə çıxarılması üçün bütün resurslarını səfərbər etməyə davam edəcək", - deyə Şəhriyar Haciyev qeyd edb.

Xəbər lenti

Xəbər lenti