Rumıniya parlamenti aylarla davam edən siyasi böhrandan sonra Aİ tərəfdarı olan hökuməti təsdiqləyib

Dünya xəbərləri Xəbər 21 Oktyabr 2026 03:11 (UTC +04:00)
Rumıniya parlamenti aylarla davam edən siyasi böhrandan sonra Aİ tərəfdarı olan hökuməti təsdiqləyib

Bakı. Trend:

Rumıniya parlamenti oktyabrın 20-də Avropayönümlü baş nazirliyə namizəd Luka Nikuleskunun hökumətini təsdiqləyərək bir neçə ay davam edən siyasi dalana son qoyub. May ayında əvvəlki koalisiyanın dağılmasından sonra hökumətə rəhbərlik etmək üçün namizədliyini irəli sürən dördüncü şəxs olan 55 yaşlı diplomat Avropayönümlü üç partiyanın dəstəyi ilə 280 səs toplayıb. Bu, hökumətin təsdiqlənməsi üçün tələb olunan 233 səsdən xeyli çoxdur.

Heç bir siyasi partiyaya mənsub olmayan Luka Nikulesku ölkənin əsas siyasi qüvvəsi olan Sosial-Demokrat Partiyasının (PSD) nümayəndələrindən və texnokratlardan ibarət hökumət komandası təklif edib. O, çərşənbə axşamı parlamentdə çıxış edərək bildirib: “Rumıniyaya aylarla davam edən siyasi böhrandan sonra tam səlahiyyətlərə malik hökumət lazımdır”.

“Biz getdikcə daha qeyri-müəyyən olan dünyada yaşayırıq. Rumıniyanın sərhədləri yaxınlığında müharibə gedir və Avropanın təhlükəsizliyinə yönələn təhdidlər bir neçə il əvvəlkindən daha böyükdür”, — deyə o əlavə edib.

Ölkə beş ay əvvəl liberal baş nazir İlie Bolojanın rəhbərlik etdiyi dördpartiyalı Avropayönümlü koalisiyanın dağılmasından sonra siyasi böhran içində idi.

Həmin vaxtdan etibarən sağçı radikal “Rumınların Birliyi Uğrunda Alyans” (AUR) partiyası rəy sorğularında təxminən 40 faizlik seçici dəstəyi ilə liderlik edir və növbədənkənar seçkilərin keçirilməsini tələb edirdi. Lakin mərkəzçi prezident Nikuşor Dan bu ehtimalı rədd edib. Onun fikrincə, yeni seçkilər siyasi qeyri-sabitliyi daha da uzadacaq və dövlət maliyyəsinin vəziyyətini ağırlaşdıracaqdı. Prezident, həmçinin sağçı radikalların hökumətdə iştirakını istisna edib.

Dövlət başçısı parlament çoxluğunu formalaşdırmaq üçün ən əlverişli imkanlara malik olduğunu hesab edərək, ayın əvvəlində Luka Nikuleskuya hökuməti formalaşdırmağı tapşırıb. Hazırda Xarici İşlər Nazirliyində dövlət katibi vəzifəsini tutan Nikulesku Rumıniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzvlük prosesinə nəzarət edir. O, bundan əvvəl, o cümlədən Fransada bir sıra diplomatik vəzifələrdə çalışıb.

Keçmiş jurnalist olan Nikulesku Rumıniyada “Radio France Internationale” (RFI) radiostansiyasının baş redaktoru vəzifəsində işləyib, eləcə də bir sıra Fransa mediasının müxbiri olub.

Avropa İttifaqının (Aİ) və Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) üzvü olan Rumıniya Ukrayna ilə həmsərhəddir. Ölkədə 2024-cü ilin dekabrında keçirilmiş prezident seçkilərinin Rusiya müdaxiləsi ilə bağlı ittihamlar fonunda ləğv edilməsindən sonra ciddi siyasi qeyri-sabitlik hökm sürür.

Həmin ay keçirilən parlament seçkiləri nəticəsində parlamentdə siyasi qüvvələr arasında parçalanma yaranıb, sağçı radikal partiyalar yerlərin təxminən üçdə birini əldə ediblər.

2026-cı ilin mayında PSD büdcə siyasəti və qənaət tədbirləri ilə bağlı İlie Bolojanla fikir ayrılıqları səbəbindən hakim koalisiyanı tərk edib. Daha sonra partiya hökumətin istefasına səbəb olan etimadsızlıq votumunun qəbul edilməsi üçün sağçı radikallarla ittifaq qurub.

Xəbər lenti

Xəbər lenti