Bakı. Trend:
Azərbaycanda sığorta bazarının inkişafı, sığorta şirkətlərinin maliyyə dayanıqlığının gücləndirilməsi və istehlakçıların hüquqlarının qorunması məqsədilə tənzimləmə mexanizmləri təkmilləşdirilir. Bu çərçivədə daşınmaz əmlakın icbari sığortasında risk əsaslı tarif sisteminin tətbiqi, sığorta xidmətlərinin rəqəmsallaşdırılması və könüllü sığorta növləri üzrə vahid qaydaların genişləndirilməsi istiqamətində işlər aparılır.
Trend-in təlimdəki müxbiri xəbər verir ki, bunu Mərkəzi Bankın Sığorta vasitəçilərinə nəzarət şöbəsinin rəisi Ramin Cəfərov “Sığorta sektorunun maliyyə dayanıqlığında rolu” təlimində deyib.
Onun sözlərinə görə, Azərbaycanda sığorta sektorunun tənzimlənməsinin əsas hüquqi bazasını “Sığorta fəaliyyəti haqqında” qanun təşkil edir: "Mərkəzi Bankın bu sahədə əsas məqsədləri sığorta şirkətlərinin maliyyə dayanıqlığının təmin edilməsi və sığorta istehlakçılarının hüquqlarının qorunmasıdır".
R. Cəfərov bildirib ki, maliyyə dayanıqlığına nəzarət sığorta şirkətlərinin maliyyə vəziyyətinin və ehtiyatlarının qiymətləndirilməsini əhatə edir. Bu nəzarətin əsas məqsədi sığorta hadisəsi baş verdikdə şirkətlərin müqavilə üzrə öhdəliklərini vaxtında və tam yerinə yetirə bilməsini təmin etməkdir.
O qeyd edib ki, sığorta bazarının inkişafı istiqamətində həyata keçirilən islahatlar həm bazar iştirakçılarının fəaliyyətinin təkmilləşdirilməsinə, həm də sektorun dayanıqlığının artırılmasına yönəlib.
Şöbə rəisinin sözlərinə görə, 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişaf Strategiyası çərçivəsində könüllü sığorta növləri üzrə vahid qaydaların hazırlanması və tətbiqi istiqamətində işlər görülür.
O bildirib ki, əvvəllər KASKO kimi könüllü sığorta növləri üzrə hər bir şirkətin öz qaydaları və şərtləri mövcud idi.
"Bu isə müştərilərin müxtəlif şirkətlərin məhsullarını müqayisə etməsini çətinləşdirirdi. Vahid qaydaların tətbiqi ilə fiziki şəxslərə münasibətdə ümumi yanaşma formalaşdırılır. Bununla belə, sığorta şirkətlərinin öz risk iştahı və riskləri qəbul etmək imkanları nəzərə alınmaqla sığorta haqlarının müəyyənləşdirilməsində onlara müəyyən sərbəstlik verilir”, - deyə R. Cəfərov bildirib.
R. Cəfərovun sözlərinə görə, icbari sığorta sahəsində həyata keçirilən əsas yeniliklərdən biri xidmətlərin elektronlaşdırılmasıdır: "Hazırda icbari sığorta müqavilələri, o cümlədən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası elektron formada rəsmiləşdirilir və bunun üçün kağız blanklardan istifadə zərurəti aradan qaldırılıb.
Sığorta müqavilələri barədə məlumatlar İcbari Sığorta Bürosunun informasiya sistemində toplanır və vətəndaşlar öz sığorta tarixçələri barədə məlumat əldə edə bilirlər".
Şöbə rəisi bildirib ki, sığorta sahəsində tətbiq olunan digər mexanizm zərərlərin birbaşa tənzimlənməsi sistemidir: "Bu sistem müəyyən şərtlər daxilində yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin qarşı tərəfin deyil, öz sığorta şirkətinə müraciət etməklə zərərin ödənilməsini tələb etməsinə imkan verir.
Sistemin tətbiqi üçün qəza iki avtomobilin iştirakı ilə baş verməli, təqsirli tərəf öz təqsirini etiraf etməli, hadisə nəticəsində insan sağlamlığına zərər dəyməməli və hər iki avtomobilin icbari sığortası olmalıdır".
R. Cəfərov vurğulayıb ki, bu şərtlərdən hər hansı biri təmin edilmədikdə, məsələn, zəncirvari qəza baş verdikdə, zərərin tənzimlənməsi ümumi qaydada həyata keçirilir.
Şöbə rəisi qeyd edib ki, avtomobillərin icbari sığortası üzrə risk əsaslı sığorta haqqının hesablanması mexanizmi 2022-ci ildən tətbiq olunur və onun təkmilləşdirilməsi davam etdirilir.
O əlavə edib ki, oxşar yanaşmanın daşınmaz əmlakın icbari sığortasında tətbiqi istiqamətində də layihələr həyata keçirilir. Bu yanaşma risklərin daha dəqiq qiymətləndirilməsinə və sığorta haqlarının risk göstəriciləri əsasında müəyyənləşdirilməsinə xidmət edir.
R. Cəfərovun sözlərinə görə, daşınmaz əmlakın sığortasında zəlzələ və digər təbii fəlakət risklərinin qiymətləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın seysmik xüsusiyyətləri nəzərə alınaraq, beynəlxalq mütəxəssislərin iştirakı ilə ölkənin seysmik risk xəritələrinin hazırlanması istiqamətində işlər aparılır.
R. Cəfərov beynəlxalq avtomobil sığortası sisteminin də əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, “Yaşıl Kart” sistemi Azərbaycan avtomobillərinin bu sistemə üzv olan xarici ölkələrdə hərəkəti zamanı nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortalanmasına imkan verir.
"Məsələn, Azərbaycan qeydiyyat nişanlı avtomobillə İtaliya kimi “Yaşıl Kart” sisteminin üzvü olan ölkələrə səfər zamanı müvafiq sığorta təminatının mövcudluğu tələb oluna bilər.
Mərkəzi Bank sığorta agentləri və brokerləri institutunun inkişafı, eləcə də sığorta vasitəçilərinin fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində də layihələr həyata keçirir".
Onun sözlərinə görə, bu tədbirlər sığorta bazarında xidmətlərin keyfiyyətinin artırılmasına, istehlakçıların hüquqlarının qorunmasına və sektorun maliyyə dayanıqlığının gücləndirilməsinə yönəlib.
