Bakı.Trend:
Orta dəhlizdən gələcəkdə istifadə etməyə maraq əhəmiyyətli olaraq qalır.
Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqının maliyyələşdirdiyi və "VM Europe" konsorsiumu tərəfindən hazırlanan “EU Business Climate Report Azerbaijan 2025/26” hesabatının səkkizinci buraxılışında qeyd olunub.
Hesabatda bildirilir ki, nəqliyyat sektoru Azərbaycanın iqtisadiyyatında getdikcə daha mühüm rol oynayır və 2025-ci ildə ölkənin ÜDM-nin 7,1 faizini təşkil edib.
“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta dəhliz) üzərində əlverişli coğrafi mövqeyə malik olması sayəsində Azərbaycan Avropa ilə Asiya arasında inkişaf edən tranzit qovşağı kimi mövqeyini möhkəmləndirib. Tranzit yüklər Azərbaycanda dəmir yolu və avtomobil nəqliyyatı ilə yükdaşımaların təxminən yarısını, dəniz nəqliyyatı ilə yükdaşımaların isə 95 faizindən çoxunu təşkil edir”, - deyə hesabatda qeyd olunub.
Hesabatda vurğulanır ki, Zəngəzur dəhlizinin (TRIPP) inkişafı Orta dəhlizin ötürmə qabiliyyətini əlavə olaraq artırmağa imkan verəcək.
“Son geosiyasi dəyişikliklər və infrastrukturun inkişafı Azərbaycan ərazisindən tranzit yükdaşımaların artmasına səbəb olub. Ölkənin sərhəd-keçid məntəqələrinin ötürmə qabiliyyəti hər istiqamətdə gündə 4 100 nəqliyyat vasitəsinə çatıb. Beynəlxalq avtomobil daşımaları üçün icazə sənədlərinin mübadiləsinin sayı da bir neçə dəfə artıb”, - deyə materialda bildirilir.
Hesabatda qeyd olunur ki, 2025-ci ildə Orta dəhlizin ötürmə qabiliyyəti 15 milyon ton yük və 150 000 TEU (20 futluq konteyner ekvivalenti) təşkil edib.
“Marşrut regional ticarətin təmin olunmasında mühüm rol oynayır. 2030-cu ilədək onun ötürmə qabiliyyətinin 18,8 milyon tona çatdırılması planlaşdırılır. Dəmir yolu, liman, avtomobil və aviasiya infrastrukturunun, eləcə də rəqəmsal sistemlərin modernləşdirilməsi Orta dəhlizi Avropa, Çin və Mərkəzi Asiya arasında daha sürətli tranzit marşrutuna çevirib. Nəticədə Çinlə Avropa arasında yüklərin daşınması cəmi 11 gün çəkə bilər.
Müsbət dinamikanın qorunması üçün marşrutda dar boğazların yaranmasının qarşısını almaq məqsədilə yeni terminalların tikilməsi, vaqon parkının artırılması və Xəzər dənizində bərə daşımalarının ötürmə qabiliyyətinin genişləndirilməsi tələb olunur”, - deyə hesabatda vurğulanıb.
Respondentlərin təxminən 25,4 faizi ticarət və ya logistika məqsədilə Orta dəhlizdən artıq istifadə etdiklərini və bundan sonra da istifadə etməyi planlaşdırdıqlarını bildirib. Sorğuda iştirak edənlərin daha 23,9 faizi indiyədək Orta dəhlizdən istifadə etmədiklərini, lakin qarşıdakı iki-üç il ərzində bu imkanı nəzərdən keçirdiklərini qeyd edib. Bu, gələcəkdə tələb artımı potensialının mövcudluğunu göstərir.
Bununla yanaşı, respondentlərin 32,8 faizi marşrutdan istifadə etmədiyini və hələlik istifadə etməyi planlaşdırmadığını bildirib. Sorğu iştirakçılarının 17,9 faizi isə cavab verməkdə çətinlik çəkib və ya konkret mövqe ifadə etməyib.“2024-cü ilin sorğusunun nəticələri ilə müqayisə göstərir ki, Orta dəhlizdən faktiki istifadə artıb, gələcəkdə marşrutdan istifadəyə maraq isə əhəmiyyətli olaraq qalır. Bununla yanaşı, hər iki sorğunun nəticələri marşrutun rəqabət qabiliyyətinin gücləndirilməsi üçün səmərəliliyin, ötürmə qabiliyyətinin, nəqliyyat əlaqələrinin və koordinasiyanın daha da yaxşılaşdırılmasının zəruri olduğunu göstərir”, - deyə materialda qeyd olunub.
Qeyd edək ki, hesabat Avropa şirkətlərinin yerli bazarda fəaliyyət təcrübəsi əsasında Azərbaycanın iqtisadi və biznes mühitinin yenilənmiş qiymətləndirilməsini təqdim edir. Sənəd Avropa müəssisələri arasında keçirilən sorğuların və dərinləşdirilmiş müsahibələrin nəticələrinə əsaslanır. Hesabatda investisiya mühitinə təsir edən əsas amillər, sektoral imkanlar, biznes üçün məhdudiyyətlər, əmək bazarının dinamikası, dayanıqlı inkişaf, rəqəmsallaşma, eləcə də Azərbaycanın iqtisadi inkişaf istiqamətini müəyyən edən daha geniş islahat gündəliyi təhlil olunur.
