Bakı. Trend:
ASAN İnnovativ İnkişaf Mərkəzində beş il ərzində təlim prosesinə altı yeni innovativ alət tətbiq olunub.
Trend-in müxbiri xəbər verir ki, bunu ASAN İnnovativ İnkişaf Mərkəzinin rəhbəri Aysel Cəbrayılova çərşənbə günü Mərkəzin fəaliyyətinin 5 illiyinə həsr olunmuş hesabat tədbirində deyib.
Onun sözlərinə görə, Mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri “ASAN xidmət” təcrübəsi əsasında hazırlanmış yumşaq bacarıqlar üzrə təlimlərdir. Bu təlimlər vətəndaş məmnuniyyəti, duyğuların və vaxtın idarə olunması, ünsiyyət bacarıqları kimi mövzuları əhatə edir.
“Öyrənmə yalnız nəzəri biliklərin ötürülməsi deyil, həm də praktiki bacarıqların dərhal sınaqdan keçirilməsini nəzərdə tutur. Buna görə təlimlərdə yeni alətlərdən və simulyasiya proqramlarından istifadə edirik”, – deyə A.Cəbrayılova bildirib.
O qeyd edib ki, təlimlərin regionlarda əlçatanlığını artırmaq məqsədilə onlayn proqramlar da təşkil olunub. Eyni zamanda dövlət satınalmaları və insan resursları daxil olmaqla müxtəlif istiqamətlərdə qısamüddətli və uzunmüddətli təlimlər keçirilib.
Mərkəzin rəhbəri süni intellekt savadlılığı proqramı çərçivəsində təxminən il yarım ərzində 7 mindən çox vətəndaşın onlayn və əyani təlimlərdə iştirak etdiyini diqqətə çatdırıb. Proqram üzrə iştirakçı məmnuniyyəti 98 faiz təşkil edib.
“Süni intellekt üzrə təlimlər həm Bakıda, həm də regionlarda təşkil olunur. Müəllimlər, hüquqşünaslar, mediatorlar, tibb işçiləri və digər peşə sahibləri üçün ayrıca proqramlar hazırlanır. Yeni alətlər yarandıqca təlimlərin məzmununu da yeniləyirik”, – deyə o əlavə edib.
