Bakı.Trend:
Orta Dəhliz Azərbaycanın regional tranzit qovşağı kimi əhəmiyyətini daha da artırıb.
Trend-in çərşənbə günü verdiyi məlumata görə, bu barədə Avropa İttifaqının maliyyələşdirdiyi və "VM Europe" konsorsiumu tərəfindən hazırlanmış “EU Business Climate Report Azerbaijan 2025/26” hesabatının səkkizinci buraxılışında qeyd olunur.
Hesabat Azərbaycan iqtisadiyyatının və biznes mühitinin yerli bazarda fəaliyyət göstərən Avropa şirkətlərinin perspektivindən yenilənmiş qiymətləndirilməsini təqdim edir. Hesabat Avropa şirkətləri arasında aparılmış sorğuların və dərinləşdirilmiş müsahibələrin nəticələrinə əsaslanır və investisiya mühitinə təsir göstərən əsas amilləri, sahələr üzrə imkanları, biznes üçün məhdudiyyətləri, əmək bazarındakı dinamikaları, dayanıqlı inkişafı, rəqəmsallaşmanı, eləcə də Azərbaycanın iqtisadi inkişaf trayektoriyasını müəyyən edən daha geniş islahatlar gündəliyini nəzərdən keçirir.
Hesabatda deyilir:
“Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində strateji əhəmiyyətli mövqeyini qoruyub saxlayır, enerji əməkdaşlığı və nəqliyyat əlaqələrinin inkişafı isə Aİ ilə Azərbaycan arasındakı münasibətlərin əsas istiqamətləri olaraq qalır. Bununla yanaşı, ölkə karbohidrogenlərdən asılılığın azaldılmasına və iqtisadiyyatın qeyri-neft sektorunun rolunun gücləndirilməsinə yönəlmiş daha genişmiqyaslı iqtisadi transformasiya həyata keçirir. Bu proses dəyişən geosiyasi vəziyyət, ticarət marşrutlarının dəyişməsi və regionun dayanıqlılığına, enerji təhlükəsizliyinə və təchizat zəncirlərinin şaxələndirilməsinə artan beynəlxalq diqqət fonunda əlavə aktuallıq qazanır”.
Sorğuda iştirak edən Avropa şirkətlərinin fikrincə, Azərbaycanın coğrafi mövqeyi, nəqliyyat infrastrukturunun inkişafı və biznes fəaliyyəti üçün nisbətən sabit şərait ölkənin ən mühüm üstünlükləri sırasında qalır.
Ümumilikdə investisiya mühiti qənaətbəxş qiymətləndirilir. Avropa şirkətləri infrastrukturun inkişafı, enerji resurslarının əlçatanlığı və bazara çıxış imkanları sahəsində müsbət dəyişiklikləri qeyd edirlər.
Hesabatda deyilir:
“Azərbaycanın iqtisadi potensialının qiymətləndirilməsində nəqliyyat və logistika getdikcə daha böyük əhəmiyyət kəsb edir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun, başqa sözlə, Orta Dəhlizin inkişafı Azərbaycanın regional tranzit qovşağı kimi əhəmiyyətini gücləndirib. Biznes nümayəndələri Azərbaycanın dəmir yolu infrastrukturuna, limanlara və gömrük sisteminə yatırdığı investisiyaların strateji əhəmiyyətini, ümumilikdə, qəbul edirlər. Bununla yanaşı, sorğuda iştirak edən şirkətlər nəqliyyat dəhlizinin fəaliyyətinin səmərəliliyi, əməliyyat fəaliyyətinin əlaqələndirilməsi və logistika xərcləri ilə bağlı mövcud darboğazlara diqqət çəkirlər. Bu sahədə gələcək irəliləyiş Azərbaycanın tranzit potensialının tam reallaşdırılması və regional və beynəlxalq dəyər zəncirlərində mövqeyinin gücləndirilməsi baxımından həlledici əhəmiyyət daşıyacaq”.
Hesabatda, həmçinin ölkənin iqtisadi gündəliyində dayanıqlı inkişafın və “yaşıl” transformasiyanın artan rolu vurğulanır.
Aİ-nin hesabatında qeyd olunub:
“Azərbaycan bərpaolunan enerjinin inkişafının təşviqi, enerji səmərəliliyinin artırılması və gələcəkdə “yaşıl” enerji sahəsində tərəfdaş kimi imicinin formalaşdırılması istiqamətində nəzərəçarpacaq addımlar atıb. Bununla belə, Avropa şirkətlərinin fikrincə, bir çox sektorda bu keçid ilkin mərhələdədir. Müvafiq proseslərin sürətləndirilməsi və dayanıqlı investisiyalar üçün daha əlverişli şəraitin yaradılması məqsədilə əlavə stimullara, daha aydın tənzimləyici mexanizmlərə və “yaşıl” maliyyələşməyə çıxışın genişləndirilməsinə ehtiyac olacaq”.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.
