Bakı. Trend:
Azərbaycanda sığorta tariflərinin fərdi risklər əsasında hesablanması istiqamətində yeni yanaşmalar tətbiq olunur və bu prosesdə rəqəmsal texnologiyalarla məlumatların təhlili mühüm rol oynayır.
Trend-in təlimdəki müxbiri xəbər verir ki, bunu Mərkəzi Bankın Sığorta vasitəçilərinə nəzarət şöbəsinin rəisi Ramin Cəfərov çərşənbə günü “Sığorta sektorunun maliyyə dayanıqlığında rolu” təlimində deyib.
Onun sözlərinə görə, sığorta sektorunda rəqəmsal transformasiya sığorta şirkətlərinin fəaliyyətinin daha səmərəli təşkilinə, eləcə də müştərilərə fərdiləşdirilmiş xidmətlərin göstərilməsinə şərait yaradır.
R. Cəfərov qeyd edib ki, sığorta texnologiyalarının (insurtech) inkişafı nəticəsində məhsulların təqdim edilməsi, sığorta hadisələrinin tənzimlənməsi və ödənişlərin həyata keçirilməsi prosesləri daha sürətli və effektiv olur. Bu proseslərdə süni intellekt və çat-botlardan istifadə də genişlənir.
Şöbə rəisi bildirib ki, rəqəmsallaşma sığorta risklərinin qiymətləndirilməsi prosesində də yeni imkanlar yaradır. Ənənəvi yanaşmada sığorta məhsulları müəyyən istehlakçı qruplarının ümumi xüsusiyyətləri əsasında formalaşdırıldığı halda, məlumatların təhlili və süni intellekt fərdi risk profilinə uyğun tariflərin müəyyənləşdirilməsinə imkan verir.
O, bunu avtomobil sığortası nümunəsində izah edib. Belə ki, data əsaslı anderraytinq (sığorta risklərinin qiymətləndirilməsi) yanaşması sığortalının fərdi risk göstəricilərinin ayrıca nəzərə alınmasına şərait yaradır.
“Əvvəllər avtomobilin idarə edilməsi üçün başqa şəxsə etibarnamə verilməsi sığorta haqqına təsir edə və onun artmasına səbəb ola bilirdi. Yeni yanaşma isə sığortalının öz risk profilinin ayrıca qiymətləndirilməsinə imkan verir. Başqa şəxsə etibarnamənin verilməsi avtomatik olaraq sığortalının fərdi tarifinin dəyişməsi demək deyil”, - deyə o bildirib.
R. Cəfərovun sözlərinə görə, müştəri ehtiyaclarına uyğun məhsulların hazırlanması da sektorun inkişaf istiqamətlərindən biridir. Bu baxımdan, icbari avtomobil sığortasına əlavə olaraq könüllü mülki məsuliyyət sığortası təminatlarının təqdim edilməsi müştərilərin müdafiə imkanlarını genişləndirir.
O qeyd edib ki, ehtiyac yarandığı müddətdə aktivləşdirilən sığorta məhsulları da müştərilər üçün əlavə imkanlar yaradır. Məsələn, səfər sığortası xarici ölkəyə qısamüddətli səfər zamanı, o cümlədən üç-beş günlük müddət üçün əldə edilə bilər.
Şöbə rəisi iqlim risklərinin qiymətləndirilməsinin də sığorta sektoru üçün aktuallıq kəsb etdiyini vurğulayıb. Onun sözlərinə görə, son dövrlərdə təbii fəlakətlərin və hava şəraiti ilə bağlı hadisələrin yaratdığı risklər sığorta şirkətlərinin yeni qiymətləndirmə modellərindən istifadəsini zəruri edir.
O bildirib ki, bu istiqamətdə katastrofik risklərin müəyyənləşdirilməsi üçün risk xəritələrinin hazırlanması mühüm əhəmiyyət daşıyır. Azərbaycanın seysmik zonada yerləşməsi nəzərə alınaraq, xarici mütəxəssislərin təcrübəsindən də istifadə edilməklə ölkənin risk xəritəsinin formalaşdırılması istiqamətində işlər aparılır.
