Bakı. Trend:
PAŞA Holding-in təşkilatçılığı ilə keçirilən regionun ən böyük
innovasiya platforması olan “INMerge” İnnovasiya Sammiti bu il 30
noyabr – 1 dekabr tarixlərində Bakı Konqres Mərkəzində baş
tutacaq.
Hər il aparıcı texnologiya və innovasiya nəhənglərini bir araya
gətirən “INMerge” İnnovasiya Sammiti bu il də dünyaca tanınmış
spikerləri qəbul edəcək. Onların sırasında Mariya Şarapova, Mo
Qavdat, Qreq Hoffman və Coel Mokir yer alır.
Mariya Şarapova beş dəfə “Grand Slam” turnirlərinin qalibi olub,
karyerası ərzində “Career Grand Slam” uğuruna imza atıb və 2025-ci
ildə “International Tennis Hall of Fame”ə daxil edilib. Hazırda
sahibkar və investor kimi fəaliyyət göstərən Şarapova “Moncler”
şirkətinin direktorlar şurasının üzvü və “New York Times Best
Seller” siyahısına daxil olmuş kitabın müəllifidir.
Mo Qavdat Google X-in keçmiş baş biznes direktorudur (Chief
Business Officer). O, “Solve for Happy” və “Scary Smart”
bestsellerlərinin müəllifi, süni intellekt və onun cəmiyyətə təsiri
üzrə tanınmış ekspertdir.
Qreq Hoffman təxminən 30 il Nike şirkətində çalışaraq təcrübəçi
vəzifəsindən baş marketinq direktoru (CMO) vəzifəsinədək yüksəlib.
O, “Emotion by Design” kitabının müəllifidir.
Coel Mokir Nortvestern Universitetinin professoru və tanınmış
iqtisadi tarixçidir. Texnoloji tərəqqi və iqtisadi artım üzrə
tədqiqatlarına görə 2025-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatına
layiq görülüb.
Spikerlərin tam siyahısı və biletlərlə bağlı ətraflı məlumat
inmerge.az saytında təqdim olunur.
“INMerge” haqqında
PAŞA Holding-in təsis etdiyi və təşkil etdiyi “INMerge” İnnovasiya
Sammiti 2021-ci ildən etibarən hər il Bakıda keçirilən innovasiya
və texnologiya sammitidir. Sammit Azərbaycan, Qafqaz, Mərkəzi
Asiya, Yaxın Şərq və Avropadan korporasiyaları, investorları,
startapları və dövlət qurumlarının nümayəndələrini bir araya
gətirərək regional əməkdaşlığı dəstəkləyir və Bakının innovasiya
mərkəzi kimi inkişafına töhfə verir.
2025-ci ildə sammitdə 5000-dən çox iştirakçı, 180-dən çox spiker,
122 startap və 80 investor təmsil olunub
“INMerge” İnnovasiya Sammiti bu il də dünyanın tanınmış simalarını Bakıda bir araya gətirəcək
Foto: PASHA Holding