Bakı. Trend:
Bakı. Trend:
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava Qüvvələrinin aviasiya və hava hücumundan müdafiə vasitələrinin iştirakı ilə ölkəmizdə keçirilən “Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, plana uyğun olaraq, mərhələlər üzrə qarşılıqlı əlaqədə icra olunan fəaliyyətlər zamanı hər iki ölkənin hərbi qulluqçuları yüksək döyüş hazırlığı nümayiş etdirərək qarşıya qoyulmuş tapşırıqları dəqiqliklə yerinə yetiriblər.
Məlumata görə, təlim çərçivəsində iştirakçıların göstərdikləri peşəkarlıq döyüş effektivliyinin və qarşılıqlı uzlaşmanın artırılmasında mühüm rol oynayıb.
Qeyd edək ki, “Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimində əsas diqqət Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında hərbi əməkdaşlığın və qarşılıqlı etimadın möhkəmləndirilməsinə, Hərbi Hava Qüvvələri arasında qarşılıqlı uzlaşma və birgə fəaliyyət qabiliyyətinin artırılmasına, hava əməliyyatlarının planlaşdırılması və əlaqələndirilməsinin təkmilləşdirilməsinə, eləcə də iştirakçılar arasında təcrübə mübadiləsinin aparılmasına yönəldilib.
Təlimə Azərbaycan Ordusundan 3 hava hücumundan müdafiə sistemi, 2 radioelektron mübarizə və 20 aviasiya vasitəsi, həmçinin BƏƏ-dən 6 döyüş və 1 nəqliyyat təyyarəsi, 3 helikopter olmaqla ümumilikdə hər iki ölkədən 600-dən çox hərbi qulluqçu cəlb edilib.
Oktyabrın 12-dən etibarən keçirilən “Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimində müdafiə və hücum xarakterli hava əməliyyatları, eləcə də döyüş şəraitində axtarış-xilasetmə tapşırıqları icra olunub.
Xatırladaq ki, öktyabrın 20-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi və yüksək səviyyəli qonaqların iştirakı ilə “Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.
