Altı ölkədə ASAN təcrübəsi əsasında 600-dən çox xidmət mərkəzi fəaliyyət göstərir - Ülvi Mehdiyev

Cəmiyyət Xəbər 21 Oktyabr 2026 10:57 (UTC +04:00)
Altı ölkədə ASAN təcrübəsi əsasında 600-dən çox xidmət mərkəzi fəaliyyət göstərir - Ülvi Mehdiyev
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Hazırda Azərbaycan 52 ölkə ilə “ASAN xidmət” təcrübəsinin paylaşılması istiqamətində əməkdaşlıq edir. Altı ölkədə bu təcrübə əsasında 600-dən çox xidmət mərkəzi fəaliyyət göstərir.

Trend-in müxbiri xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çərşənbə günü ASAN İnnovativ İnkişaf Mərkəzinin fəaliyyətinin 5 illiyinə həsr olunmuş hesabat tədbirində deyib.

O bildirib ki, ASAN İnnovativ İnkişaf Mərkəzi “ASAN xidmət” təcrübəsinin xarici ölkələrə ötürülməsində mühüm rol oynayır.

“ASAN xidmət”in ixracı dedikdə bilik və təcrübənin transferini nəzərdə tuturuq. Bu proses təlimlər vasitəsilə həyata keçirilir. Bu istiqamətdə Mərkəzin təlimçiləri və cəlb etdiyi digər təlim platformaları mühüm əhəmiyyət daşıyır”, – deyə Ü.Mehdiyev qeyd edib.

Agentlik sədri vurğulayıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət”in əsas məqsədi dövlət qulluqçusu ilə vətəndaş arasında yeni yanaşmanın və xidmət mədəniyyətinin formalaşdırılması olub. Bu təcrübənin digər qurum və sahələrlə paylaşılması tapşırığına uyğun olaraq ASAN İnnovativ İnkişaf Mərkəzi yaradılıb.

Ü.Mehdiyev Mərkəzin beş il ərzində 35 mindən çox iştirakçını əhatə edən 850 təlim keçirməsini uğurlu nəticə kimi qiymətləndirib və fəaliyyətin daha da inkişaf etdirilməsinin vacibliyini bildirib.

O, Azərbaycanda fəaliyyət göstərən təlimçiləri və təlim şirkətlərini Mərkəzlə əməkdaşlığa dəvət edib.

“Bu Mərkəz ölkəmizdə fəaliyyət göstərən təlimçilər və təlim şirkətləri üçün bir platformadır. Onları yaradılmış imkanlardan istifadə etməyə dəvət edirəm. Mərkəzimiz bütün təlimçilər və təlim şirkətləri ilə əməkdaşlığa açıqdır”, – deyə Agentlik sədri əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti