Qazaxıstanın Manqistau vilayətində 2019–2023-cü illərdə 160 min tondan çox neft məhsulunun qanunsuz olaraq xaricə çıxarıldığı müəyyən edilib.
Bu barədə “Tengrinews” Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinə istinadən məlumat yayıb.
Məlumata görə, qanunsuz əməliyyatların ümumi dəyəri 45 milyard tenge (təxminən) qiymətləndirilib. Məhsullar Aktau dəniz limanı vasitəsilə xaricə göndərilib. Sxemin həyata keçirilməsi üçün hətta tanker və mini neft emalı zavodundan istifadə edildiyi bildirilir.
Milli Təhlükəsizlik Komitəsinin məlumatına əsasən, sxemin arxasında bir sahibkar dayanıb. O, neft hasilatı ilə məşğul olan şirkətlərlə müqavilələr bağlayıb, xammal mini zavodda emal edilib. Hazır məhsula dair saxta keyfiyyət sənədləri tərtib olunub, neft məhsulları isə soba yanacağı kimi rəsmiləşdirilərək xaricə göndərilib.
Xatırladaq ki, Xəzərdə neft hasilatı tamamilə sahilyanı dövlətlərin xüsusi icazələri (lisenziyaları) və beynəlxalq konsorsiumlar tərəfindən idarə olunur.
