Bakı. Trend:
Tikinti və təmir işlərinin görülməsi üçün iki vətəndaşdan ümumilikdə 1 milyon 338 min 731 manat alan və işləri tam yerinə yetirməyən şirkət rəhbəri Elsevər Əliyev saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polisə tikinti və təmir işləri adı altında vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi barədə müraciətlər daxil olub.
Araşdırmalar zamanı E.Əliyevin fərdi yaşayış evinin təmiri üçün bir vətəndaşdan 888 min 731 manat aldığı, lakin nəzərdə tutulan işləri tam yerinə yetirmədiyi müəyyən edilib. Ekspert rəyinə əsasən, həmin ünvanda görülmüş tikinti işlərinin ümumi dəyəri 317 min 160 manat təşkil edib. Qalan 571 min 571 manatın isə şirkət rəhbəri tərəfindən ələ keçirildiyi bildirilib.
Bundan başqa, E.Əliyevin digər vətəndaşdan da tikinti və təmir məqsədilə hissə-hissə 450 min manat aldığı, lakin işləri yarımçıq saxladığı barədə müraciət araşdırılıb. Həmin vətəndaş zərərçəkmiş şəxs qismində tanınıb və müvafiq ekspertizalar təyin edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunan E.Əliyev istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.
Polisin keçirdiyi tədbirlər nəticəsində E.Əliyev tutularaq istintaqa təqdim olunub.
Araşdırma davam etdirilir.
