Bakı. Trend:
Azərbaycanda bəzi sahibkarlara maliyyə sanksiyası tətbiq edilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, 2026-cı ilin yanvar – sentyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində vergi ödəməkdən yayınma, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, saxta aksiz markalarını hazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası ilə markalanmalı olan məhsulları (malları) saxta aksiz markaları ilə markalama, saxlama və ya satma, aksiz markaları ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olma faktları üzrə cəmi 373 cinayət işi başlanılıb.
Hesabat dövründə 71 nəfər barəsində 73 cinayət işi üzrə ittiham
aktı baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. İcraatına
xitam verilmiş 36 cinayət işi, o cümlədən cinayət işinin
başlanılması rədd olunmuş 89 material və ibtidai istintaqı
tamamlanmış 15 cinayət işi üzrə 19 mln. 948,7 min manat məbləğində
vurulmuş ziyanın dövlət büdcəsinə ödənilməsi təmin edilib. Bundan
əlavə, hesabat dövründə icraatı davam edən cinayət işləri və
materiallar üzrə dövlət büdcəsinə ümumilikdə 25 mln. 188,3 min
manat məbləğində vurulmuş ziyanın ödənilməsi təmin olunub.
Müxtəlif fəaliyyət sahələri üzrə, o cümlədən idxal, topdan və
pərakəndə ticarət, istehsal, ictimai iaşə fəaliyyəti göstərən 35
vergi ödəyicisinə məxsus 43 obyektdə “Azərbaycan Respublikasının
Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi
(kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki
şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb
edilməsi hallarının aşkar edilməsi” məsələsi üzrə operativ vergi
nəzarəti tədbirləri həyata keçirilib. 21 vergi ödəyicisinə məxsus
22 obyektdə ümumilikdə 84 nəfər fiziki şəxsin əmək müqaviləsi
hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə
cəlb olunduğu aşkarlanıb, həmin şəxslərin əmək hüquqları bərpa
edilib, aidiyyəti vergi ödəyiciləri barəsində müvafiq tədbirlər
görülərək ümumilikdə 170,0 min manat məbləğində maliyyə sanksiyası
tətbiq olunub.
