AYİB Orta Dəhlizin dəniz infrstrukturu və logistikasına investisiya qoymağa davam edir

İqtisadiyyat Xəbər 21 Oktyabr 2026 15:00 (UTC +04:00)
AYİB Orta Dəhlizin dəniz infrstrukturu və logistikasına investisiya qoymağa davam edir
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Orta Dəhliz çərçivəsində dəniz infrastrukturunun və logistikanın inkişafını dəstəkləməyə davam edəcək.

Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Bakı nümayəndəliyinin rəhbəri Natali Muravidze çərşənbə günü keçirilən Aİ-Azərbaycan 2026 Biznes Forumunda bildirib.

Onun sözlərinə görə, dayanıqlı nəqliyyatın və regional bağlantıların inkişafına dəstək AYİB-in 2025-ci ildə təsdiqlənmiş və dörd il üçün nəzərdə tutulmuş Azərbaycan üzrə strategiyasının əsas istiqamətlərindən biridir.

O qeyd edib ki, bank Orta Dəhliz geniş tanınmazdan əvvəl də bu marşrutla əlaqəli layihələri maliyyələşdirməyə başlayıb.

“Xüsusilə, AYİB Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin beynəlxalq sularda fəaliyyət göstərən quru yük gəmilərinin alınmasını maliyyələşdirib. Bu gəmilər Orta Dəhlizə xidmət göstərmək üçün istifadə olunur.

Gələcəkdə mövcud infrastrukturun imkanları müəyyən həddə çatdıqca dəniz infrastrukturuna investisiyaları artırmağı planlaşdırırıq”, – deyə bankın nümayəndəsi bildirib.

Bundan əlavə, AYİB Qazaxıstanda Aktau limanının genişləndirilməsini maliyyələşdirib, bu yaxınlarda isə Qazaxıstanın milli dəmir yolu şirkətinin istiqrazlarının buraxılması ilə bağlı saziş imzalayıb.

O, həmçinin özəl sektorun maliyyələşdirilməsi hesabına Ələt Azad İqtisadi Zonasında logistika mərkəzinin və anbar sahələrinin inkişafına dəstək göstərildiyini bildirib.

Natali Muravidzenin sözlərinə görə, bu cür investisiyalar Orta Dəhliz boyunca nəqliyyat və logistika proseslərinin ekoloji baxımdan daha dayanıqlı olmasına imkan verir.

“Dəhlizin səmərəliliyini qiymətləndirərkən yalnız daşınan yüklərin həcmini və ya marşrutdan keçən konteynerlərin sayını deyil, həm də marşrutun bütün əsas iştirakçılarının qarşılıqlı fəaliyyəti nəticəsində yaradılan əlavə iqtisadi dəyəri nəzərə almaq vacibdir.

Burada söhbət təkcə Azərbaycandan deyil, Orta Dəhliz boyunca yerləşən bütün ölkələrdən gedir”, – deyə o qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti