Türkiyə, Qətər, Pakistan və İndoneziya arasında hərbi istehsal və müdafiə sənayesi sahəsində əməkdaşlığı nəzərdə tutan “Bədr” Anlaşma Memorandumu imzalanıb.
TRT xəbər verir ki, sənəd Qətərin paytaxtı Dohada imzalanıb.
Anlaşma Memorandumunun məqsədi dörd ölkə arasında hərbi istehsal sahəsində əməkdaşlığı təşviq etmək, hərbi imkanları gücləndirmək, texniki və hərbi təlim, eləcə də tədqiqat və inkişaf sahələrində birgə fəaliyyəti dəstəkləməkdir.
Sənədi Qətərin Baş nazirinin müavini, müdafiə məsələləri üzrə dövlət naziri Şeyx Səud bin Əbdülrəhman bin Həsən Al Sani, İndoneziyanın müdafiə nazirinin müavini Yusuf Cauhari, Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif və Türkiyənin milli müdafiə naziri Yaşar Gülər imzalayıblar.
Sənəd dörd ölkənin müdafiə sənayesi imkanlarından qarşılıqlı istifadəni, bu sahədə inteqrasiyanın genişləndirilməsini və müttəfiq, eləcə də tərəfdaş ölkələrin ehtiyaclarının qarşılanmasını hədəfləyir.
Razılaşmanın iştirakçı ölkələr arasında hərbi əməkdaşlığın genişləndirilməsinə, müdafiə sənayesi əlaqələrinin inkişafına, təhlükəsizlik və sabitliyin dəstəklənməsinə töhfə verməsi nəzərdə tutulur.
Xatırladaq ki, bundan öncə avqust ayının 7-də Prezident Rəcəb Tayyib Ərdoğan, Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Baş naziri şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Əl Səud tərəfindən Məkkədə Məkkə Birgə Müdafiə Sazişini imzalanıb.
Sənəd üç ölkə arasında hərbi ittifaq nəzərdə tutur.
