Bakı.Trend:
Ailə institutunun qorunması və cəmiyyətin dəyərlərinin, sağlam dəyərlərinin fundamentinin formalaşmasında özəl sektorun rolu var.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə “Paşa Maliyyə Holdinqi”nin İnnovasiyalar üzrə meneceri Ülviyyə Mehralıyeva “Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri” mövzusunda keçirilən Ailə Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, süni intellekt artıq fərdi səviyyədə olduğu kimi, ailə daxilində də vaxtın formalaşması və paylanmasında mühüm rol oynamağa başlayıb.
“Övladların öz dillərində danışan onlayn tyutorlara sahib olması, eləcə də gündəlik kommunal ödənişlər və fəaliyyətləri avtomatik tənzimləyən köməkçi agentlər valideynlərin vaxtına qənaət edir. Lakin burada əsas sual qənaət edilən bu vaxtın yenidən ailəyə, yoxsa digər sahələrə yönəldiləcəyidir ki, buna qərar verən əsas tərəf məhz valideynlərdir.
Valideynlərlə övladlar arasında rəqəmsal bilik fərqinin artması onların ümumi ünsiyyət sahəsini daralda bilər. Buna görə də böyüklərin rəqəmsal savadlılığının artırılması vacibdir. Fərdi məlumatların qorunmadan və məlumatsız şəkildə internetdə paylaşılması ailə daxilində ciddi problemlər yarada bilər”,- deyə o bildirib.
Ü.Mehralıyevanın sözlərinə görə, mütəxəssislər hesab edirlər ki, texnologiya şirkətləri bazara hər hansı məhsul çıxararkən onun yaratdığı imkanlarla bərabər potensial riskləri də nəzərə almalı və cəmiyyətlə birlikdə bu risklərin aradan qaldırılması istiqamətində çalışmalıdırlar.
