TRACECA ölkələr arasında məlumat mübadiləsi standartlarının uzlaşdırılması üzərində işləyir

İqtisadiyyat Xəbər 21 Oktyabr 2026 15:06 (UTC +04:00)
TRACECA ölkələr arasında məlumat mübadiləsi standartlarının uzlaşdırılması üzərində işləyir
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

TRACECA ölkələr arasında məlumat mübadiləsi standartlarının uzlaşdırılması üzərində işləyir.

Trend-in müxbirinin verdiyi məlumata görə, bunu TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Jasurbek Çoriyev çərşənbə günü Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumu çərçivəsində deyib.

Onun sözlərinə görə, ölkələr müxtəlif templərlə inkişaf edir və onların heç də hamısı üçüncü tərəflərə ötürülməsi üçün tələb olunan həcmdə məlumat təqdim etməyə hazır deyil.

“Bu baxımdan, biz məlumat mübadiləsi standartlarının uyğunlaşdırılması və hər bir iştirakçının təqdim edə biləcəyi məlumat səviyyəsinin müəyyənləşdirilməsi üzərində işləyirik. Bu, bir-biri ilə qarşılıqlı əlaqədə olan şirkətlərə hansı maksimal həcmdə məlumat təqdim edə biləcəklərini və həmin məlumatın qəbul edilərək sonrakı mərhələdə ötürülə biləcəyini anlamağa imkan verəcək”, – deyə C. Çoriyev bildirib.

O bildirib ki, vahid rəqəmsal platformanın yaradılması əvəzinə, iştirakçıların ümumi məqsədə nail olmaq üçün bir-biri ilə qarşılıqlı əlaqə qura biləcəyi ekosistemin inkişaf etdirilməsi planlaşdırılır.

Qeyd edək ki, Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın 30 illiyinə, eləcə də forumun keçirilməsinin 10 illiyinə həsr olunmuş Aİ-Azərbaycan Biznes Forumu keçirilir. Bu il tədbir “Dəhlizləri birləşdirərək: əlaqəlilik və infrastruktur” devizi altında təşkil olunur.

Forumda əsas diqqət nəqliyyat əlaqələrinin və infrastrukturun inkişafına, Aİ ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə, habelə regional ticarət və investisiyaların genişləndirilməsinə yönəldilir.

Forumun proqramına yüksək səviyyəli müzakirələr, tematik sessiyalar və dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə işgüzar görüşlər daxildir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti