Ağdam. Trend:
İşğaldan azad olunmuş ərazilərdə yaşayan 30 ailəyə özünüməşğulluq proqramı çərçivəsində simental və holşteyn cinsli damazlıq inəklər təqdim edilib.
Trend-in Qarabağ bürosu xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov məlumat verib.
O bildirib ki, özünüməşğulluq proqramının heyvandarlıq istiqaməti üzrə ilk dəfə olaraq simental və holşteyn cinsli damazlıq heyvanların verilməsinə işğaldan azad olunmuş ərazilərdən başlanılıb. İlkin mərhələdə Ağdam, Xocalı və Laçın rayonlarının sakinlərinə bu cinslərdən olan inəklər təqdim edilib. Hər bir ailəyə 2 baş cins inək verilib.
Ağdam rayonunun Xıdırlı kəndində keçirilən təqdimat zamanı qeyd olunub ki, bu təşəbbüs işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialının reallaşdırılması, kənd təsərrüfatının inkişafı və yerli əhalinin öz təsərrüfatlarını qurmasına dəstək məqsədi daşıyır.
Hasil Abbasovun sözlərinə görə, simental və holşteyn cinsli heyvanların saxlanılması xüsusi tövlə şəraiti və həssas qulluq tələb edir. Buna görə də aktivlərin təqdim olunacağı ailələrin təsərrüfatlarında Aqrar Xidmətlər Agentliyinin komandası ilə birgə monitorinqlər aparılıb, qiymətləndirmələr həyata keçirilib və uyğun təsərrüfatlar müəyyənləşdirilib.
O, işğaldan azad olunmuş ərazilərin potensialına böyük inam bəslədiklərini vurğulayaraq, təqdim edilən aktivlərin ailələrin təsərrüfat fəaliyyətinin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Qeyd edək ki, indiyədək işğaldan azad olunmuş ərazilərə köçürülmüş sakinlərdən 1116 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslər yaradılıb. Bu bizneslərin 661-i kənd təsərrüfatı, 455-i isə istehsal və xidmət sahələrini əhatə edir.
Cins damazlıq heyvanların təqdim edilməsi özünüməşğulluq proqramına cəlb olunan sakinlərin təsərrüfat fəaliyyətinin genişləndirilməsinə, məhsuldarlığın artırılmasına və dayanıqlı gəlir imkanlarının formalaşdırılmasına xidmət edir.
Yeni zərf üzrə aktivlərin təqdim edilməsi növbəti günlərdə Xocavənd və Ağdərə rayonlarında da davam etdiriləcək.
