Bakı.Trend:
Çindən Türkmənistan vasitəsilə konteyner daşımalarının təşkili üçün Türkmənbaşı limanında terminal tikilməlidir.
Trend-in tədbirdəki müxbirinin verdiyi məlumata görə, bu barədə çərşənbə günü Bakıda keçirilən Aİ-Azərbaycan biznes forumunda Azərbaycan Ekspeditorlar Assosiasiyası sədrinin müavini, "U.F.E. Shipping" şirkətinin baş direktoru Elmir Poladov bildirib.
Onun sözlərinə görə, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi limanların dərinləşdirilməsindən daha genişmiqyaslı tədbirlərin görülməsini tələb edir. Çünki suyun səviyyəsi daha da aşağı düşərsə, dibdərinləşdirmə işlərini mütəmadi olaraq aparmaq lazım gələcək.
Elmir Poladov qeyd edib ki, Xəzər dənizinin səviyyəsi əhəmiyyətli dərəcədə Volqa çayından daxil olan suyun həcmindən asılıdır və bu həcm azalır.
“Hər il dənizin dibini bir neçə metr, hətta beş metr dərinləşdirmək olar. Lakin növbəti il suyun səviyyəsi yenidən aşağı düşəcək. Bu halda dibin dərinləşdirməsi işlərini dəfələrlə təkrarlamaq lazım gələcək”, - deyə o bildirib.
E.Poladov, həmçinin Türkmənistanın Orta Dəhliz üzrə daşımaların inkişafı potensialına diqqət çəkib.
Onun sözlərinə görə, ölkədə kifayət qədər böyük və yaxşı təchiz olunmuş liman var. Lakin Türkmənistan vasitəsilə Çindən Azərbaycana konteyner daşımalarının təşkili üçün bir sıra məsələlər həll edilməlidir.
O, xüsusilə Türkmənbaşı limanında konteyner terminalının tikilməsinin və Türkmənbaşı ilə Ələt arasında dəniz nəqliyyatı üzrə fider xəttinin təşkilinin zəruriliyini vurğulayıb.
E.Poladov artıq mövcud olan layihələrin həyata keçirilməsinin Çindən Türkmənistan vasitəsilə Azərbaycana konteyner yüklərinin daşınmasına başlamağa imkan verəcəyinə ümidvar olduğunu bildirib.
Qeyd edək ki, hazırda Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın 30 illiyinə və biznes forumunun keçirilməsinin 10 illiyinə həsr olunan Aİ-Azərbaycan biznes forumu keçirilir. Bu il tədbir “Dəhlizləri birləşdirərək: bağlantılar və infrastruktur” şüarı altında təşkil olunur.
Forumda əsas diqqət nəqliyyat bağlantılarının və infrastrukturun inkişafına, Aİ ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə, həmçinin regional ticarət və investisiyaların genişləndirilməsinə yönəldilib.
Forumun proqramına dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə yüksək səviyyəli müzakirələr, tematik sessiyalar və işgüzar görüşlər daxildir.
