Bakı. Trend:
Kuba Xarici İşlər Nazirliyi (XİN) ölkənin Ukrayna münaqişəsində iştirakı ilə bağlı ittihamları əsassız adlandıraraq qətiyyətlə rədd edib.
Nazirliyin bəyanatında bildirilib ki, Kuba münaqişənin tərəfi deyil və hərbi qulluqçuları vasitəsilə nə Ukraynada, nə də başqa ölkədə bu münaqişədə iştirak edir. Havana vəziyyətin beynəlxalq hüquqa, BMT Nizamnaməsinə uyğun olaraq dialoq və danışıqlar yolu ilə həllini dəstəkləyir.
XİN vurğulayıb ki, Kuba muzdlu döyüşçülüklə mübarizə aparır və bu əməlləri milli qanunvericiliyinə, eləcə də beynəlxalq öhdəliklərinə uyğun olaraq cəzalandırır. Bəyanatda qeyd olunub ki, münaqişənin hər hansı tərəfində iştirak edən Kuba vətəndaşları ölkənin dövlət qurumlarından dəstək və ya razılıq almayıblar. Onların əksəriyyətinin xaricdə cəlb edildiyi bildirilib.
Nazirlik muzdlu döyüşçülüyün qarşısının alınması və bu cinayətə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığa hazır olduğunu da bəyan edib.