Türkmənistandan elektrik enerjisinin Avropaya ixracı Azərbaycan üzərindən mümkündür - nazir müavini

İqtisadiyyat Xəbər 21 Oktyabr 2026 18:47 (UTC +04:00)
Türkmənistandan elektrik enerjisinin Avropaya ixracı Azərbaycan üzərindən mümkündür - nazir müavini
Fuad Namazov
Fuad Namazov
Jurnalist Bütün xəbərlər

Aşqabad. Trend:

Azərbaycan Türkmənistanda istehsal olunan elektrik enerjisinin öz ərazisi vasitəsilə Avropa bazarlarına ixracı imkanının araşdırılmasını təklif edir.

Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu çərşənbə günü Azərbaycanın energetika nazirinin müavini Kamal Abbasov Aşqabadda keçirilən XXXI Beynəlxalq “Türkmənistanın neft və qazı” (OGT 2026) konfrans və sərgisində çıxışı zamanı bildirib.

“Biz hesab edirik ki, Türkmənistanın elektrik enerjisi sahəsində də əməkdaşlıq potensialı var. Türkmənistanlı hörmətli tərəfdaşlarımızla birlikdə Türkmənistanda istehsal olunan elektrik enerjisinin Azərbaycan vasitəsilə Avropa ölkələrinə ixracı imkanını nəzərdən keçirə bilərik”, – deyə K.Abbasov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Asiya ölkələrində istehsal olunan bərpaolunan enerji mənbələrindən əldə edilən elektrik enerjisinin Azərbaycan vasitəsilə Avropa bazarlarına ötürülməsini nəzərdə tutan “Mərkəzi Asiya – Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin irəlilədilməsi çərçivəsində Qazaxıstan və Özbəkistanla da əməkdaşlıq edir.

K.Abbasov qeyd edib ki, bu sahədə əməkdaşlığın dərinləşdirilməsi ölkələrin enerji potensialından daha səmərəli istifadə etməyə, regional qarşılıqlı əlaqələri gücləndirməyə və qarşılıqlı faydalı tərəfdaşlıq üçün yeni imkanlar yaratmağa imkan verəcək.

İkitərəfli enerji əməkdaşlığından danışan nazir müavini Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkmənistanla xam neftin, neft məhsullarının və neft-kimya məhsullarının tədarükü və ticarəti sahəsində əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu vurğulayıb. Xüsusilə, Türkmənistan neftinin Azərbaycanda emal olunaraq əldə edilən məhsulların sonradan beynəlxalq bazarlara ixracından söhbət gedir.

K.Abbasovun məlumatına görə, 2023-cü ildən 2026-cı ilin avqustunadək Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Türkmənistan mənşəli təxminən 10 milyon ton neft beynəlxalq bazarlara nəql edilib.

O, həmçinin energetikanın ikitərəfli əməkdaşlığın prioritet istiqamətlərindən biri olaraq qaldığını bildirib. 2026-cı il iyunun 22-23-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri zamanı tərəflər birgə bəyanat imzalayıblar. Bəyanatda iki ölkənin əhəmiyyətli enerji potensialına malik olduğu təsdiqlənib və enerji sektoru əməkdaşlığın prioritet sahələrindən biri kimi müəyyən edilib.

Səfər çərçivəsində Azərbaycan və Türkmənistan hökumətləri arasında energetika sahəsində əməkdaşlıq haqqında saziş də imzalanıb. K. Abbasovun sözlərinə görə, bu sənəd ikitərəfli münasibətlərin hüquqi əsaslarını möhkəmləndirir və əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanlar yaradır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti