2050-ci ilə qədər bu şəhərlərə köçün - SİYAHI

Dünya xəbərləri Xəbər 22 Oktyabr 2026 02:00 (UTC +04:00)
2050-ci ilə qədər bu şəhərlərə köçün - SİYAHI
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

2050-ci ilədək dünyanın ən zəngin şəhərlərinin reytinqi tərtib edilib.

"Oxford Economics" şirkətinin proqnozuna əsasən, hazırda reytinqdə birinci yerdə qərarlaşan Nyu-York 2050-ci ilədək dünyanın ən zəngin şəhərləri arasında liderliyini qoruyacaq.

Belə ki, Nyu-Yorkun iqtisadiyyatının həcmi 6,4 trilyon dollara çatacaq. Bu, Londonun (3,17 trilyon dollar) və Parisin (2,34 trilyon dollar) toplam ümumdaxili məhsulundan 880 milyard dollar çox olacaq.

Reytinqdə ikinci yeri 3,62 trilyon dollarlıq göstərici ilə ABŞ-nin Los-Anceles şəhəri tutacaq. Hazırda şəhər iqtisadiyyatının həcminə görə reytinqdə üçüncü yerdədir.

2025-ci ildə dünyanın ən zəngin şəhərləri siyahısında yalnız 12-ci yerdə qərarlaşan Şanxay 2050-ci ilədək 3,26 trilyon dollarlıq ÜDM ilə üçüncü yerə yüksələcək.

ÜDM-i 3,25 trilyon dollar təşkil edəcək Tokio isə 2050-ci ilədək ikinci yerdən dördüncü yerə düşəcək.

London da reytinqdə dördüncü yerdən beşinci yerə geriləyəcək. Proqnozlara görə, 2050-ci ilədək şəhərin iqtisadiyyatının həcmi 3,17 trilyon dollara çatacaq.

Pekin 2,6 trilyon dollarlıq ÜDM ilə 2050-ci ilin ən zəngin şəhərləri reytinqində altıncı yerdə qərarlaşacaq. Çin paytaxtı hazırkı 15-ci mövqeyindən irəliləyəcək.

Növbəti yerdə hazırda doqquzuncu olan San-Fransisko qərarlaşacaq. Proqnozlara əsasən, 2050-ci ildə şəhərin ÜDM-i 2,5 trilyon dollara çatacaq.

Dallas reytinqdə səkkizinci yeri tutacaq və gələcəkdə də bu mövqeyini qoruyacaq. Şəhərin ÜDM-i 2,44 trilyon dollar təşkil edəcək.

Doqquzuncu yerdə Çinin Şençjen şəhəri qərarlaşacaq. Digər Çin şəhərləri kimi, Şençjen də 2050-ci ilədək hazırkı 22-ci mövqeyindən xeyli irəliləyəcək. Şəhərin iqtisadiyyatının həcminin 2,43 trilyon dollara çatacağı proqnozlaşdırılır.

Ən zəngin 10 şəhərin siyahısını Çikaqo tamamlayacaq. Şəhərin 2050-ci ilədək ÜDM-i 2,42 trilyon dollar təşkil edəcək ki, bu da onun hazırkı yeddinci mövqeyindən geriləməsi deməkdir.

"Oxford Economics" analitik şirkətinin məlumatına görə, iqtisadi inkişaf insan kapitalı, həyat keyfiyyəti və ətraf mühit kimi sahələrdə əhəmiyyətli faydalar yaradacaq. Real gəlirlərin artması və perspektivli texnologiyalara investisiyalar gələcəkdə davamlı iqtisadi artım və inkişafı təmin edəcək.

“İqtisadi coğrafiyada baş verən bu köklü dəyişikliklər artıq həm biznes, həm də ayrı-ayrı şəxslər üçün əhəmiyyətli imkanlar yaradır və bu tendensiya davam edəcək”, – şirkət qeyd edir.

Bundan əlavə, Lima və Buenos-Ayres kimi Latın Amerikası şəhərləri zəngin insan kapitalı və yaşayış xərclərinin nisbətən aşağı olması sayəsində reytinqdə irəliləyəcək. Bu şəhərlər istehlak bazarı baxımından da əhəmiyyətli imkanlar təqdim edəcək.

Oxford Economics şirkətinin yaxın onilliklərdə baş verəcək dəyişikliklərin dinamikasını təhlil edən Global Cities Index araşdırması dünyanın 1 000 şəhərini əhatə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti