Bakı. Trend:
2026-cı il oktyabrın 21-də Brüsseldə Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətində (“European External Action Service”) “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin üzvləri qəbul olunub.
Azərbaycanlı itkin ailələri ilə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsinin siyasi məsələlər üzrə müşaviri Okke Bouwman və Azərbaycanla əlaqələr üzrə koordinatoru Marco Cardinali görüşüblər. Təxminən 1 saat davam edən görüşdə azərbaycanlı itkin ailələri yaxınları barədə post-münaqişə dövründə də Ermənistanın heç bir məlumat təqdim etmədiklərini bildiriblər.
“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova dünən - oktyabrın 20-də azərbaycanlı itkin ailələrinin Brüsseldə Avropa Parlamentinin qarşısında - “Place du Luxembourg” meydanında etiraz aksiyası keçirdiyi və bəyanat qəbul etdiyini qeyd edib.
O, vurğulayıb ki, Ermənistan azərbaycanlı itkinlərin taleyi ilə əlaqədar birbaşa cavabdehlik daşıyır, kütləvi məzarlıqların yerləri barədə məlumatları Azərbaycanla bölüşməyə borcludur. K.Behbudova bu günədək işğaldan azad edilmiş Azərbaycan ərazilərində 32 kütləvi məzarlığın aşkarlanmasını böyük bir humanitar faciənin kiçik epizodu kimi dəyərləndirib.
Görüşdə qeyd olunub ki, azərbaycanlı itkinlərin Brüseldə daha bir aksiyası bu gün mərkəzi “Schuman” meydanında keçirilib. “Qarabağ İtkin Ailələri” İctimai Birliyi yaxınlarından xəbər alanadək susmayacaqlarını, aksiyalarını davamlı olaraq keçirəcəklərini bildiriblər.