DVX mikrosahibkarlar üçün bəyannamələrin əvvəlcədən doldurulmasını tətbiq edəcək

İqtisadiyyat Xəbər 22 Oktyabr 2026 11:03 (UTC +04:00)
DVX mikrosahibkarlar üçün bəyannamələrin əvvəlcədən doldurulmasını tətbiq edəcək
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda mikrosahibkarlar üçün vergi bəyannamələrinin əvvəlcədən doldurulması mexanizminin tətbiqi nəzərdə tutulur. Bu yenilik sahibkarların inzibati yükünün azaldılmasına və vergi öhdəliklərinin yerinə yetirilməsinin sadələşdirilməsinə xidmət edəcək.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Vergi Risklərinin İdarə Edilməsi Baş İdarəsinin rəisi Samir Xalıqov cümə axşamı Bakıda keçirilən dövlət maliyyəsinin rəqəmsal transformasiyasına həsr olunmuş konfransda deyib.

O bildirib ki, Dövlət Vergi Xidməti rəqəmsallaşmanı yalnız vergi nəzarəti vasitəsi kimi deyil, həm də vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin və onların məmnunluğunun artırılması baxımından qiymətləndirir.

“Əsas prinsipimiz dövlətin əldə etdiyi məlumatları təkrarən sahibkardan tələb etməmək, vergi ödəyicilərinin öhdəliklərini yerinə yetirməsini mümkün qədər sadələşdirməkdir”, - deyə S.Xalıqov qeyd edib.

Onun sözlərinə görə, bu istiqamətdə əsas yeniliklərdən biri bəyannamələrin əvvəlcədən doldurulması, yəni prefillinq mexanizmidir. Sadələşdirilmiş vergi üzrə tətbiq edilən bu yanaşmanın yaxın günlərdə mikrosahibkarlar üçün də istifadəyə verilməsi nəzərdə tutulur.

“Sistem mövcud məlumatlar əsasında bəyannamənin müvafiq sətirlərini əvvəlcədən doldurur, vergi ödəyiciləri isə həmin məlumatları yoxlayaraq təsdiq edirlər”, - deyə o bildirib.

S.Xalıqov əlavə edib ki, bəyannamələrin mobil tətbiq vasitəsilə təqdim edilməsi üzərində də iş aparılır. Bu imkan, xüsusilə stasionar kompüterlərə çıxışı məhdud olan mikrosahibkarlar üçün əhəmiyyətlidir. Eyni zamanda, ƏDV bəyannamələrinin əvvəlcədən doldurulması mexanizminin genişləndirilməsi də prioritet istiqamətlərdəndir.

Dövlət Vergi Xidmətinin rəsmisi rəqəmsal vergi inzibatçılığında dövlət qurumları arasında məlumat mübadiləsinin və informasiya sistemlərinin inteqrasiyasının genişləndirilməsinin vacibliyini vurğulayıb.

“Hazırda Dövlət Vergi Xidməti 35 dövlət qurumundan məlumat əldə edir, 42 dövlət qurumuna isə məlumat təqdim edir”, - deyə o bildirib.

Onun sözlərinə görə, bu inteqrasiyaların əsas məqsədi dövlət qurumlarının malik olduğu məlumatlardan qarşılıqlı istifadə etməklə xidmətlərin operativliyini və keyfiyyətini artırmaq, eləcə də qurumlararası koordinasiyanı gücləndirməkdir. Rəqəmsal məlumat mübadiləsi nəzarət imkanlarını genişləndirməklə yanaşı, dövlət qurumlarının fəaliyyətinin səmərəliliyinin artırılmasına və sahibkarların inzibati yükünün azaldılmasına da xidmət edir.

S.Xalıqov Maliyyə Nazirliyi ilə əməkdaşlığın əhəmiyyətini də qeyd edib. O bildirib ki, infrastruktur tikintisi ilə bağlı, ictimaiyyət arasında “Forma 2” kimi tanınan təhvil-təslim sənədlərinin elektronlaşdırılması istiqamətində aparılan işlər çərçivəsində həmin məlumatların vergi sistemi ilə inteqrasiyası məsələsi də müzakirə olunur.

“Ümid edirəm ki, bu inteqrasiya sahibkarların əlavə sənəd yükünün azaldılmasına töhfə verəcək”, - deyə o vurğulayıb.

Dövlət Vergi Xidmətinin rəsmisi digər mühüm istiqamətin bank məlumatlarının aqreqasiyasının təkmilləşdirilməsi olduğunu bildirib. Onun sözlərinə görə, məlumatların strukturlaşdırılmış formada və vaxtında əldə edilməsi bəyannamələrin əvvəlcədən doldurulmasının dəqiqliyini artırmağa imkan verəcək.

“Rəqəmsallaşma vergi ödəyicisinin işini asanlaşdırmaqla yanaşı, könüllü vergi əməletməsini təşviq edir və büdcə daxilolmalarının şəffaflığının artırılmasına töhfə verir”, - deyə S.Xalıqov qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti