Hörmüz boğazında 7 gəmi hərəkətini dayandırıb – SEPAH

Dünya xəbərləri Xəbər 22 Oktyabr 2026 10:45 (UTC +04:00)
Hörmüz boğazında 7 gəmi hərəkətini dayandırıb – SEPAH
Elnur Bağışov
Elnur Bağışov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Hörmüz boğazında qaydaları pozan 7 gəminin hərəkəti dayanıb.

Bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) məlumat yayıb.

“ABŞ ordusunun dəstəyi ilə qanunsuz marşrutlardan keçərək Fars körfəzinə daxil olan 4 tanker İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Hərbi Dəniz Qoşunlarının hərbçiləri tərəfindən izlənilib.

Həmin 4 tanker Fars körfəzinin şimal aralığında neft yükünü tankerdən-tankerə keçirərkən aşkarlanıb. Hər 4 tanker vurulub və tankerlərdə yanğın baş verib”, -deyə məlumatda qeyd olunur.

SEPAH bildirib ki, bununla yanaşı ötən gecə Hörmüz boğazının qərb hissəsində qaydaları pozan 3 gəmi dəniz minasına toxunub. Hadisə nəticəsində yanğın baş verib və gəmilərin hərəkəti dayanıb.

“ABŞ-nin gəmiləri minalanmış qeyri-qanuni marşrutdan keçməyə dəstəkləməsi dəniz hadisələrinin günü-gündən artması ilə nəticələnib. ABŞ tərəfi bu proses davam etdiyi halda qarşıdurmanın bölgədəki hərbi bazalara qədər genişlənəcəyi haqda məlumatlı olmalıdır. Bu ciddi bir xəbərdarlıqdır”, -deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti