Ani ödənişlər sistemi vasitəsilə gündəlik əməliyyatların sayı 1 milyona çatıb - AMB rəsmisi

İqtisadiyyat Xəbər 22 Oktyabr 2026 11:06 (UTC +04:00)
Ani ödənişlər sistemi vasitəsilə gündəlik əməliyyatların sayı 1 milyona çatıb - AMB rəsmisi
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankının (AMB) operatoru olduğu Ani ödənişlər sistemi vasitəsilə gündəlik həyata keçirilən əməliyyatların sayı 1 milyona çatıb. Sistemdə əməliyyat dövriyyəsi isə 2 milyard manatı ötüb.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Mərkəzi Bankın Ödəniş Sistemləri və Məhsulların İnkişafı Departamentinin direktoru Əfqan Abbasov cümə axşamı Bakıda keçirilən dövlət maliyyəsinin rəqəmsal transformasiyasına həsr olunmuş konfransda deyib.

O bildirib ki, Ani ödənişlər sisteminin əsas üstünlükləri ödənişlərin 24/7 rejimində, dərhal və daha az xərclə həyata keçirilməsinə imkan yaratmasıdır. Son dövrdə sistemin göstəricilərində ciddi artım müşahidə olunur. Bu, bankların və dövlət qurumlarının sistemə qoşulması, eləcə də müxtəlif ödəniş növləri üzrə istifadənin genişlənməsi ilə bağlıdır.

“2024-cü ildə Ani ödənişlər sistemi vasitəsilə il ərzində 1 milyon əməliyyat həyata keçirilirdisə, hazırda bu say gündəlik 1 milyona çatıb”, - deyə Ə.Abbasov qeyd edib.

Onun sözlərinə görə, sistem vasitəsilə həyata keçirilən əməliyyatların dövriyyəsi 2 milyard manatı ötüb ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən beş dəfə çoxdur.

Ə.Abbasov bildirib ki, Ani ödənişlər sistemi vasitəsilə fiziki şəxslər və hüquqi şəxslər arasında köçürmələr, aşağı məbləğli ödənişlər, eləcə də büdcə və digər dövlət ödənişləri həyata keçirilir.

O, dövlət ödənişlərinin Ani ödənişlər sistemi üzərindən aparılmasının genişləndirilməsini Mərkəzi Bankın prioritet istiqamətlərindən biri kimi qeyd edib. Hazırda kommunal, vergi və digər büdcə ödənişlərini əhatə edən Hökumət Ödəniş Portalı ilə bağlı əməliyyatların Ani ödənişlər sistemi üzərindən hesablaşmasının təmin edilməsi istiqamətində işlər aparılır.

“Bu, dövlət və büdcə ödənişlərinin dərhal icrasına imkan yaradacaq, eyni zamanda həmin əməliyyatların daha az xərclə həyata keçirilməsini təmin edəcək”, - deyə o vurğulayıb.

Departament direktorunun sözlərinə görə, bir sıra banklar artıq sistemə inteqrasiya olunub və ödənişlərin qəbulu təmin edilib. Bu istiqamətdə əməliyyatların həcmi əvvəlki illə müqayisədə 10 dəfədən çox artıb. Bankların sistemi daha geniş tətbiq etməsi ilə bu göstəricilərin gələcəkdə daha da yüksələcəyi gözlənilir.

Ə.Abbasov Ani ödənişlər sistemindən istifadənin genişlənməsi ilə yanaşı, onun fasiləsiz və dayanıqlı fəaliyyətinin təmin edilməsinin də vacib olduğunu bildirib. Hazırda sistemdən banklar, fintex startapları və dövlət qurumları istifadə edir, əməliyyatların sayı və həcmi isə artmaqda davam edir.

“Əvvəllər daha çox sistemə qoşulma və müxtəlif ödəniş növlərinin tətbiqi məsələlərinə diqqət yetirirdiksə, indi əməliyyatların icra müddətini saniyə və millisaniyə səviyyəsində davamlı monitorinq edirik. Məqsəd əməliyyatların daha qısa müddətdə həyata keçirilməsidir”, - deyə o bildirib.

O əlavə edib ki, sistem iştirakçılarının üzləşdiyi texniki xətaların azaldılması istiqamətində də mütəmadi iş aparılır. Məqsəd ödənişlərin daha az xəta ilə və qısa müddətdə icrasını təmin etməkdir.

Ə.Abbasov qeyd edib ki, Ani ödənişlər sisteminin dayanıqlılığını qorumaq üçün onun fəaliyyəti həm əsas, həm də ehtiyat mərkəzlər vasitəsilə mütəmadi təmin olunur. Bu yanaşma ödənişlərin fasiləsiz və sabit həyata keçirilməsinə şərait yaradır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti