Sahil Babayev süni intellekt dövlət maliyyəsinə faydalarını sadaladı

İqtisadiyyat Xəbər 22 Oktyabr 2026 10:32 (UTC +04:00)
Sahil Babayev süni intellekt dövlət maliyyəsinə faydalarını sadaladı
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Süni intellekt dövlət maliyyəsi sahəsində təhlillərin və proqnozlaşdırmanın aparılmasına, eləcə də mümkün anomaliyaların avtomatik aşkarlanmasına imkan verəcək.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycanın maliyyə naziri Sahil Babayev cümə axşamı Bakıda keçirilən dövlət maliyyəsinin rəqəmsal transformasiyasına həsr olunmuş konfransda deyib.

Nazir bildirib ki, dövlət maliyyəsi sahəsində vahid məlumat bazalarının formalaşdırılması süni intellekt texnologiyalarının tətbiqi üçün yeni imkanlar açır. Bu texnologiyalar təhlillərin və proqnozlaşdırmanın daha səmərəli aparılmasına, mümkün anomaliyaların avtomatik müəyyənləşdirilməsinə, eləcə də dövlət qurumlarının fəaliyyətinin keyfiyyətinin və operativliyinin artırılmasına şərait yaradacaq.

“Əgər məlumat bazası formalaşırsa, süni intellektin dəstəyi ilə çoxsaylı təhlillər apara, proqnozlar hazırlaya və anomaliyaları avtomatik aşkarlaya bilərik. Bu, fəaliyyətimizin keyfiyyətini, sürətini və operativliyini ciddi şəkildə yaxşılaşdıra bilər”, - deyə o qeyd edib.

Sahil Babayev dövlət maliyyəsi sahəsində şəffaflığın və açıqlığın təmin edilməsinin də prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. O, bu baxımdan Maliyyə Nazirliyi yanında İctimai Şuranın fəaliyyətini xüsusi qeyd edib.

Nazirin sözlərinə görə, İctimai Şura ilə birgə təşkil olunan tədbirlər dövlət maliyyəsi sahəsində aparılan islahatların, müəyyənləşdirilən hədəflərin, əldə olunan nailiyyətlərin və qarşıya çıxan çətinliklərin müzakirəsi üçün mühüm platformadır. Bu müzakirələr həm peşəkar mütəxəssislərin iştirakı ilə fikir mübadiləsinə, həm də ictimaiyyətin məlumatlandırılmasına xidmət edir.

O bildirib ki, Maliyyə Nazirliyi internet resursları və müxtəlif nəşrlər vasitəsilə vətəndaşların dövlət büdcəsi və maliyyə siyasəti barədə məlumatlandırılmasına xüsusi önəm verir. Bu istiqamətdə elektron büdcə bələdçisi və vətəndaşlar üçün nəzərdə tutulan büdcə bələdçisi mühüm rol oynayır.

“Bu nəşrlər və bələdçilər vasitəsilə həm elektron platformalarda, həm də çap materialları şəklində vətəndaşlara dövlət büdcəsinin əsas parametrləri barədə məlumat təqdim edirik. Hesab edirik ki, hər bir vətəndaşın büdcə və dövlət maliyyə siyasəti haqqında məlumatlılığının artırılması hamımız üçün faydalıdır”, - deyə nazir bildirib.

Sahil Babayev dövlət qurumlarının əməkdaşlarının bilik və bacarıqlarının artırılması istiqamətində də ardıcıl tədbirlərin həyata keçirildiyini qeyd edib. Onun sözlərinə görə, peşəkar mühasib sertifikatı ilə bağlı işlər, yeni elektron sistemlər üzrə təlimlər və xəzinədarlıq əməliyyatlarına dair metodiki vəsaitlərin hazırlanması bu prosesin əsas istiqamətlərindəndir.

Nazir bildirib ki, xəzinədarlıq əməliyyatları üzrə hazırlanmış bələdçi dövlət qurumları üçün vahid qaydaların müəyyənləşdirilməsinə, əməliyyatların icrasında fərqli şərhlərin və texniki səhvlərin qarşısının alınmasına xidmət edir.

Onun sözlərinə görə, xəzinədarlıq bələdçisi ilin birinci yarısında nəşr olunaraq bütün dövlət qurumlarına paylanılıb. Nəşrdə xəzinədarlıq əməliyyatlarının həyata keçirilməsinə dair qaydalar, o cümlədən icazə verilən və verilməyən əməliyyatlar ətraflı əksini tapıb.

Sahil Babayev vurğulayıb ki, bu yanaşma dövlət qurumlarının fəaliyyətində vahid standartların tətbiqinə, əməliyyatların şəffaflığının artırılmasına və xəzinədarlıq proseslərinin daha səmərəli təşkilinə imkan verir.

Nazir rəqəmsallaşmanın müasir dövrün əsas çağırışlarından biri olduğunu və dövlətlərin gələcək uğurlarının bu sahədə əldə edəcəkləri nəticələrdən əhəmiyyətli dərəcədə asılı olacağını bildirib.

“Gələcək, əlbəttə ki, rəqəmsallaşmada uğur qazanan dövlətlərindir. Rəqəmsallaşmaya və süni intellektə böyük investisiyalar yatıran, bu sahəni inkişaf etdirən və özünü gələcək çağırışlara hazırlayan dövlətlərin uğur qazanmaq imkanları daha genişdir”, - deyə o qeyd edib.

Sahil Babayevin sözlərinə görə, Azərbaycanda da dövlət qurumları rəqəmsallaşma istiqamətində müvafiq addımlar atır: "Bu sahədə fəaliyyətin əlaqələndirilməsi, təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi, eləcə də gələcək çağırışlara daha səmərəli cavab verilməsi baxımından belə konfransların keçirilməsi mühüm əhəmiyyət daşıyır".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti