Bakı. Trend:
Rəqəmsallaşma dövlət maliyyəsinin səmərəli idarə olunması, şəffaflığın və hesabatlılığın artırılması, eləcə də korrupsiya risklərinin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Maliyyə Nazirliyi yanında İctimai Şuranın sədri İnqilab Əhmədov cümə axşamı Bakıda keçirilən dövlət maliyyəsinin rəqəmsal transformasiyasına həsr olunmuş konfransda deyib.
O bildirib ki, Maliyyə Nazirliyi yanında İctimai Şura nisbətən
yeni yaradılmış qurumdur və keçirilən konfrans Şuranın ilk
tədbiridir. Onun sözlərinə görə, ilk tədbirin məhz rəqəmsallaşma
mövzusuna həsr olunması rəmzi məna daşıyır.
İ.Əhmədov qeyd edib ki, hazırda Azərbaycanda həyata keçirilən
islahatların ən vacib istiqamətlərindən biri rəqəmsallaşmadır. Bu
proses Maliyyə Nazirliyində aparılan islahatlarda da aparıcı rol
oynayır.
“Rəqəmsallaşma qlobal trend və müasir dövrün reallığıdır. Maliyyə sahəsində, xüsusilə dövlət maliyyəsinin idarə olunmasında rəqəmsallaşma dayanıqlı sosial-iqtisadi inkişafın əsas sütunlarından birinə çevrilir”, - deyə o bildirib.
İctimai Şuranın sədri vurğulayıb ki, dövlət maliyyəsinin və fiskal siyasətin rəqəmsallaşdırılması büdcə-vergi sisteminin səmərəliliyini, şəffaflığını və operativliyini artıran fundamental transformasiya prosesidir. Bu yanaşma dövlət resurslarının toplanması, bölüşdürülməsi və idarə olunması mexanizmlərinin müasir texnologiyalar əsasında qurulmasını nəzərdə tutur.
Onun sözlərinə görə, rəqəmsallaşma maliyyə sektorunda sadəcə texnoloji yenilik deyil, həm də strateji zərurət və rəqabət üstünlüyü yaradan amildir. Eyni zamanda, bu proses dövlət maliyyəsinin idarə olunmasında intizamın gücləndirilməsinə xidmət edir.
“Rəqəmsallaşma eyni zamanda intizama dəvətdir. Maliyyə resurslarının, xüsusilə dövlət maliyyəsi vəsaitlərinin səmərəli idarə edilməsində intizam əsas rol oynayır”, - deyə İ.Əhmədov qeyd edib.
O əlavə edib ki, rəqəmsallaşma dövlətin iqtisadiyyata müdaxiləsinin azaldılması baxımından da təsirli vasitə ola bilər. Onun fikrincə, iqtisadiyyatın dövlət tərəfindən həddindən artıq tənzimlənməsi hər zaman müsbət nəticələr vermir. Maliyyə əməliyyatlarının avtomatlaşdırılması dövlət müdaxiləsinə ehtiyacı azaldır və dövlət sektorunda proseslərin optimallaşdırılmasına şərait yaradır.
İ.Əhmədov rəqəmsallaşmanın korrupsiyaya qarşı mübarizədə də mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, obyektiv meyarların tətbiqi, məlumatlara əsaslanan fiskal qərarların qəbulu və dövlət satınalmaları üzrə məlumatların əlçatanlığı sui-istifadə hallarının azalmasına kömək edir.
“Şübhəsiz ki, ictimai sektor üçün ən vacib məsələlərdən biri rəqəmsallaşmanın şəffaflığın və hesabatlılığın artırılmasında əvəzsiz rol oynamasıdır”, - deyə o vurğulayıb.
İctimai Şuranın sədri qeyd edib ki, rəqəmsallaşma ilk növbədə məlumatların toplanması və müvafiq infrastrukturun yaradılması deməkdir. Lakin proses bununla yekunlaşmır. Süni intellekt texnologiyalarının inkişafı rəqəmsal məlumatların daha səmərəli təhlilinə, proseslərin avtomatlaşdırılmasına və qərarların qəbulunda yeni imkanların yaranmasına şərait yaradır.
“Əgər rəqəmsallaşma məlumatlar üçün zəruri infrastrukturu təmin edirsə, süni intellekt rəqəmsal prosesləri ağıllı sistemlərə çevirən analitik güc və avtomatlaşdırılmış qərar qəbuletmə imkanları yaradır”, - deyə İ.Əhmədov bildirib.
O qeyd edib ki, rəqəmsallaşma və süni intellekt qərarların qəbulunda insan amilinin təsirini minimuma endirməklə yanaşı, insan kapitalına dair tələbləri də dəyişir. Bu şəraitdə maliyyə və texnoloji savadlılığın əhəmiyyəti daha da artır.
