Vergi risklərinin idarə edilməsində preventiv yanaşmaya keçid edilir - Samir Xalıqov

İqtisadiyyat Xəbər 22 Oktyabr 2026 11:18 (UTC +04:00)
Vergi risklərinin idarə edilməsində preventiv yanaşmaya keçid edilir - Samir Xalıqov
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda vergi risklərinin idarə edilməsində pozuntuların baş verdikdən sonra aşkarlanmasına əsaslanan yanaşmadan risklərin əvvəlcədən müəyyənləşdirilməsini və qarşısının alınmasını nəzərdə tutan preventiv modelə keçid edilir. Bu məqsədlə süni intellekt, risk qiymətləndirmə modelləri və elektron nəzarət mexanizmləri tətbiq olunur.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Vergi Risklərinin İdarə Edilməsi Baş İdarəsinin rəisi Samir Xalıqov cümə axşamı Bakıda keçirilən dövlət maliyyəsinin rəqəmsal transformasiyasına həsr olunmuş konfransda deyib.

O bildirib ki, vergi sahəsində həyata keçirilən islahatların əsas məqsədi pozuntuları sonradan aşkar etmək deyil, mümkün riskləri əvvəlcədən müəyyənləşdirmək və onların qarşısının alınmasına şərait yaratmaqdır.

“Vergi risklərinin idarə edilməsində ən mühüm dəyişikliklərdən biri post-faktum yanaşmadan preventiv yanaşmaya keçiddir. Əvvəllər riskli əməliyyatlarla bağlı tədbirlər əsasən əməliyyatlar başa çatdıqdan və ya risklər müəyyən edildikdən sonra görülürdüsə, hazırda əsas məqsəd riskləri öncədən müəyyənləşdirmək və vergi ödəyicilərinin həmin riskli əməliyyatlardan yayınmasına imkan yaratmaqdır”, - deyə S.Xalıqov qeyd edib.

Onun sözlərinə görə, bu istiqamətdə süni intellekt və qabaqcıl analitik alətlərdən istifadə genişləndirilir. Məlumatların avtomatik təsnifləşdirilməsini təmin edən süni intellekt əsaslı klassifikatorlar tətbiq olunur, risk-skorinq sistemləri vasitəsilə vergi ödəyicilərinin və onların təqdim etdiyi bəyannamələrin risk səviyyəsi qiymətləndirilir.

S.Xalıqov bildirib ki, bu mexanizmlər vergi orqanlarına resursları real risk ehtimalı yüksək olan hallara yönəltməyə, eyni zamanda risklərin daha dəqiq müəyyənləşdirilməsinə imkan verir.

DVX rəsmisi preventiv yanaşmanın mühüm alətlərindən biri kimi “Öz kontragentini tanı” xidmətinin əhəmiyyətini də vurğulayıb. Onun sözlərinə görə, bu xidmət vergi ödəyicilərinə potensial kontragentləri ilə işgüzar münasibətlərə başlamazdan və ya onlardan mal və xidmətlər əldə etməzdən əvvəl müvafiq məlumatları əldə etmək imkanı yaradır.

“Bu, vergi ödəyicilərinə qarşı tərəfin fəaliyyətini əvvəlcədən qiymətləndirməyə, mümkün riskləri nəzərə almağa və daha əsaslandırılmış qərarlar qəbul etməyə kömək edir”, - deyə o bildirib.

S.Xalıqov əlavə edib ki, riskli vergi ödəyiciləri ilə aparılan əməliyyatlar barədə avtomatik bildiriş və xəbərdarlıqların göndərilməsi mexanizmi də mövcuddur. Bu sistem əməliyyatın tərəflərinin mümkün risklər barədə əvvəlcədən məlumatlandırılmasına xidmət edir.

O, elektron sahə nəzarəti sisteminin tətbiqinə də toxunub. Bildirib ki, sistem artıq istifadəyə verilib və regionlardan birində pilot rejimdə tətbiq olunur.

Onun sözlərinə görə, elektron sahə nəzarəti sistemi aşkar edilmiş pozuntuların kağızsız, elektron bildirişlər vasitəsilə aradan qaldırılmasına imkan yaradır. Beləliklə, sahibkarlar müəyyən edilmiş nöqsanları könüllü şəkildə düzəldə və pozuntuların aradan qaldırılması üçün zəruri tədbirləri görə bilirlər.

S.Xalıqov vurğulayıb ki, bu cür rəqəmsal mexanizmlər vergi inzibatçılığının səmərəliliyini artırmaqla yanaşı, sahibkarların inzibati yükünün azaldılmasına, könüllü vergi əməletməsinin təşviqinə və vergi münasibətlərində şəffaflığın gücləndirilməsinə xidmət edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti