Səfir Sərdar Berdiməhəmmədovun Azərbaycan dilinə tərcümə edilmiş kitabının təqdimatında çıxış edib (FOTO)

Cəmiyyət Press-reliz 22 Oktyabr 2026 09:53 (UTC +04:00)
Səfir Sərdar Berdiməhəmmədovun Azərbaycan dilinə tərcümə edilmiş kitabının təqdimatında çıxış edib (FOTO)

Bakı. Trend:

21 oktyabr 2026-cı il tarixində Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunda Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun “Türkmənistanın bitərəfliyi – sülhün və etimadın işıqlı yoludur” adlı kitabının Azərbaycan dilinə tərcümə edilmiş nəşrinin təqdimat mərasimi keçirilib.

Bu barədə Azərbaycanın Türkmənistandakı Səfirliyi məlumat yayıb.

Türkmənistan xarici işlər nazirinin müavini Mehri Başimovanın iştirakı ilə baş tutan tədbirdə ölkədə akkreditə olunmuş xarici diplomatik missiyaların rəhbərləri və əməkdaşları, media nümayəndələri, həmçinin, müəllimlər, tələbələr və ictimaiyyət təmsilçiləri iştirak ediblər.

Konfransda M.Başimova, səfir Qismət Gözəlov, Türkmənistan XİN-in Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Gülşat Yusupova, Türkmənistan Elmlər Akademiyasının Maxtumquli adına Dil, Ədəbiyyat və Əlyazmalar İnstitutunun elmi katibi Kakacan Canbekov, eləcə də professor, müəllimlər çıxış ediblər.

Səfir Q.Gözəlov çıxışında kitabın Azərbaycan dilində nəşrinin Türkmənistanın daimi tərəfsizlik siyasətinin mahiyyətinin və beynəlxalq əhəmiyyətinin Azərbaycan oxucularına çatdırılması, habelə sülh, qarşılıqlı etimad və beynəlxalq əməkdaşlıq prinsiplərinin təşviqi baxımından əhəmiyyətini vurğulayıb.

Azərbaycanın Türkmənistanın daimi tərəfsizlik siyasətinə hörmətlə yanaşdığını bildirən səfir, ölkəmizin Türkmənistanın BMT çərçivəsində irəli sürdüyü sülh və əməkdaşlıq yönümlü təşəbbüsləri dəstəklədiyini qeyd edib. Bu xüsusda, Azərbaycanın Türkmənistanın BMT tərəfindən tanınan daimi tərəfsizlik siyasətinə böyük hörmətlə yanaşdığını və 1995-2026-cı illərdə qəbul edilən qətnamələrə həmmüəllif qismində qoşulduğu bildirib. Eyni zamanda, Azərbaycanın 2026-cı ildə Türkmənistanın əsas müəllifliyi ilə irəli sürülmüş “Beynəlxalq sülhün, təhlükəsizliyin və dayanıqlı inkişafın qorunmasında və gücləndirilməsində tərəfsizlik siyasətinin rolu və əhəmiyyəti” adlı qətnaməyə həmmüəllif qismində qoşulmasının əhəmiyyəti vurğulanıb.

Azərbaycan–Türkmənistan münasibətlərinə toxunan Q.Gözəlov, ölkələrimizi birləşdirən tarixi, mədəni, etnik, dil və dini ortaqlıqların, ortaq mənəvi dəyərlərin, eləcə də əsrlər boyu formalaşmış dostluq və qardaşlıq ənənələrinin ikitərəfli əlaqələrin möhkəm təməlini təşkil etdiyini bildirib. Səfir dövlətlərimizin rəhbərlərinin siyasi iradəsi ilə münasibətlərimizin dinamik inkişaf etdiyini, ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin siyasi dialoqun intensivləşməsinə və əməkdaşlığın genişlənməsinə mühüm töhfə verdiyini qeyd edib. Bu xüsusda, 2025–2026-cı illərdə Azərbaycan və Türkmənistan prezidentlərinin qarşılıqlı səfərlərinin, eləcə də Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərlərinin və keçirilən görüşlərin ikitərəfli münasibətlərin möhkəmləndirilməsində mühüm rol oynadığı vurğulanıb.

İki ölkə arasında humanitar və mədəni əməkdaşlığın əhəmiyyətinə toxunan səfir Q.Gözəlov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın 19–20 oktyabr 2026-cı il tarixlərində Türkmənistana səfərinin, həmçinin Heydər Əliyev Fondu ilə Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya Ehtiyacı Olan Uşaqlara Yardım üzrə Xeyriyyə Fondunun əməkdaşlığı çərçivəsində Aşqabadda MAMA – “Mother Nature” (“Ana təbiət”) beynəlxalq incəsənət sərgisinin açılışının Azərbaycan–Türkmənistan humanitar əlaqələrinin inkişafına töhfəsini vurğulayıb.

Eyni zamanda, Səfir Q.Gözəlov konfransda Türkmənistan mediasına müsahibə verib.

Xəbər lenti

Xəbər lenti