Bakı. Trend:
Azərbaycan Mərkəzi Asiya və Qafqaz regionunda maliyyə baxımından ən dayanıqlı suveren borcalan olaraq qalır. Buna əhəmiyyətli və artmaqda olan fiskal və monetar ehtiyatlar, dövlət borcunun aşağı səviyyəsi və dayanıqlı xarici maliyyə mövqeyi şərait yaradır.
Bu barədə Niderlandın ING maliyyə qrupunun son hesabatında bildirilib.
“Karbohidrogenlərin qiymətinin artması Azərbaycanın büdcə və xarici iqtisadiyyat sahələrində qısamüddətli perspektivlərini yaxşılaşdırıb. Bununla belə, neft hasilatının aşağı həcmi, iqtisadiyyatın məhdud şaxələndirilməsi və özəl investisiya fəallığının zəif olması iqtisadi artımın potensial tempini məhdudlaşdırmaqda davam edir. İnflyasiya hələlik idarəolunan səviyyədə qalır ki, bu da mövcud pul-kredit siyasətinin daha uzun müddət ərzində saxlanılacağını gözləməyə imkan verir. Bununla yanaşı, istehlak qiymətlərinin gözlənilmədən sürətlənməsi ilə bağlı əhəmiyyətli risklərin mövcud olduğu ticarət tərəfdaşı ölkələrdən idxaldan yüksək asılılıq ehtiyatlı yanaşma tələb edir. Azərbaycanın dövlət borcunun dayanıqlılığı və xarici sabitliyi ilə bağlı müsbət qiymətləndirməmizi qoruyub saxlayırıq. Bununla belə, iqtisadiyyatın mülayim struktur artım templərinin ortamüddətli perspektivdə əsas problem olaraq qalacağını düşünürük”,- deyə hesabatda qeyd olunub.
Ümumilikdə, ING Azərbaycanın fundamental göstəricilərini müsbət qiymətləndirib. Qrupun hesabatında bildirilib ki, ölkənin kredit reytinqləri hazırda investisiya səviyyəsinin qənaətbəxş diapazonundadır (G kateqoriyası), “Moody’s” isə proqnozunu müsbət saxlayır.
“Bununla yanaşı, ölkənin büdcə və xarici iqtisadi göstəricilərinin neft qiymətlərinə yüksək həssaslığını nəzərə alsaq, Azərbaycan enerji daşıyıcılarının qiymətlərində hazırkı sıçrayışın əsas faydalananlarından birinə çevrilə bilər”, – Niderlandın maliyyə qrupundan bildiriblər.
Bundan əlavə, hesabatda qeyd olunub ki, son illərdə əldə edilmiş irəliləyiş nəzərə alınmaqla, Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi müsbət amilə çevrilə bilər.
“Bu şəraitdə Azərbaycanın suveren borc alətlərinin investisiya baxımından cəlbedici olduğu görünür. Yaxın Şərqdə münaqişənin uzun müddət davam etməsi və neft qiymətlərinin yüksək səviyyədə qalması halında onlar etibarlı qoruyucu aktiv rolunu oynaya bilər. Qazaxıstanla müqayisədə gəlirlilik üzrə mövcud əlavə mükafat risk və gəlirlilik nisbəti baxımından tam əsaslandırılmış görünür. Eyni zamanda, neft ixracatçısı olan digər ölkə – Omanla müqayisədə Azərbaycanın geosiyasi risklərinin daha aşağı olması ölkəyə üstünlük qazandırmaqda davam edir”, – ING-dən bildirilib.
