ARDNF-nin aktivləri son 5 ildə 67 faiz artıb, investisiya nəticələri 23 milyard dolları ötüb – Vadim Pşeniçnıy (MÜSAHİBƏ)

İqtisadiyyat Müsahibə 22 Oktyabr 2026 15:40 (UTC +04:00)
ARDNF-nin aktivləri son 5 ildə 67 faiz artıb, investisiya nəticələri 23 milyard dolları ötüb – Vadim Pşeniçnıy (MÜSAHİBƏ)
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Son beş ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 67 faiz artaraq təxminən 44,3 milyard ABŞ dollarından 74 milyard ABŞ dollarına yüksəlib.

Bunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktorunun müşaviri Vadim Pşeniçnıy Trend-ə müsahibəsində deyib.

O bildirib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) investisiya portfelini uzunmüddətli gəlirlilik hədəfləri, risklərin idarə olunması prinsipləri və müəyyən edilmiş limitlər əsasında formalaşdırır. İlin əvvəlində qızılın qiymətinin kəskin yüksəlməsi nəticəsində onun portfeldəki payı müəyyən edilmiş kənarlaşma həddini keçdiyindən Fond qızıl satışı həyata keçirib.

V. Pşeniçnıyın sözlərinə görə, Fondun investisiya siyasətində hər bir maliyyə aləti üzrə xüsusi çəki limitləri və kənarlaşma hədləri müəyyən edilib.

“İnvestisiya portfelinin yenidən balanslaşdırılması müəyyən edilmiş qaydalar əsasında həyata keçirilir. Fondun investisiya siyasətində hər bir maliyyə aləti üzrə limitlər və kənarlaşma hədləri var. Hər hansı maliyyə alətinin portfeldəki payı bu hədləri keçdikdə yenidən balanslaşdırma aparılır, vəziyyətdən asılı olaraq həmin alət satılır və ya alınır”, – deyə V.Pşeniçnıy bildirib.

O qeyd edib ki, qızıl da bu çərçivədə idarə olunur. İnvestisiya siyasətində qızılın portfeldəki payı üçün 35 faizlik göstərici müəyyən edilib və əlavə kənarlaşma həddi nəzərdə tutulub.

“İlin əvvəlində qızılın qiyməti kəskin yüksəldiyindən onun portfeldəki payı müəyyən edilmiş kənarlaşma həddini keçmişdi. Buna görə də həmin dövrdə satış həyata keçirdik. Hazırda qızılın portfeldəki payı təxminən 34 faiz səviyyəsindədir. Əsas məqsədimiz bu göstəricini investisiya siyasətində nəzərdə tutulan çərçivədə saxlamaqdır”, – deyə müşavir vurğulayıb.

V.Pşeniçnıy bildirib ki, investisiya portfelinin nəticələrinə qızılın qiyməti ilə yanaşı, qlobal maliyyə bazarlarında baş verən dəyişikliklər, geosiyasi hadisələr, inflyasiya gözləntiləri və enerji qiymətləri də təsir göstərir.

“Doqquz ayın nəticələrinə əsasən, vəsaitlərin idarə edilməsindən müsbət gəlirlilik əldə etmişik. İlin birinci yarısında göstəricilər bir qədər aşağı idi. Buna geosiyasi hadisələr, inflyasiya gözləntiləri və enerji qiymətlərindəki yüksəliş kimi amillər təsir göstərib”, – deyə o qeyd edib.

Müşavir əlavə edib ki, aktivlərin bazar dəyərindəki dəyişikliklər nəticəsində yaranan büdcədənkənar xərcləri birbaşa reallaşmış maliyyə itkisi kimi qiymətləndirmək düzgün deyil.

“Büdcədənkənar xərclərin müəyyən hissəsi valyuta məzənnələrindəki fərqlər və qızılın qiymətindəki dəyişikliklərlə əlaqədardır. Məsələn, avronun və ya Britaniya funtunun ABŞ dollarına nisbətdə məzənnəsi dəyişdikdə, müvafiq aktivlərin dəyəri də dəyişə bilər. Eyni qaydada qızılın qiymətinin artması və ya azalması onun portfeldəki dəyərinə təsir göstərir”, – deyə V.Pşeniçnıy bildirib.

Onun sözlərinə görə, bu dəyişikliklər nəticəsində büdcədənkənar gəlir və ya xərc qeydə alına bilər.

“Burada əsas məqam həmin göstəricilərin reallaşdırılmamış xarakter daşımasıdır. Aktivin bazar dəyərinin dəyişməsi nəticəsində yaranan qiymətləndirmə fərqi real pul vəsaitinin çıxması demək deyil. Fondun fəaliyyəti ərzində belə dəyişikliklər müxtəlif dövrlərdə müşahidə olunur. Bazar şəraitindən asılı olaraq bəzən büdcədənkənar gəlir, bəzən isə büdcədənkənar xərc yaranır”, – deyə o vurğulayıb.

V.Pşeniçnıy qızılın qiymətinin və valyuta məzənnələrinin ilin sonunadək necə dəyişəcəyini dəqiq proqnozlaşdırmağın çətin olduğunu bildirib.

“Qızılın qiyməti və valyuta məzənnələri portfelin həcminə təsir göstərə bilər. Lakin xüsusilə qısamüddətli dövrdə onların necə dəyişəcəyini əvvəlcədən dəqiq müəyyənləşdirmək mümkün deyil. Buna görə də investisiya qərarları ayrı-ayrı dövrlərdəki bazar dalğalanmalarına deyil, uzunmüddətli gəlirlilik gözləntilərinə və risklərin qiymətləndirilməsinə əsaslanır”, – deyə müşavir qeyd edib.

O bildirib ki, qlobal maliyyə bazarlarında geosiyasi gərginliklər, inflyasiya təzyiqləri və monetar siyasətlə bağlı gözləntilər müxtəlif aktivlərin qiymətinə təsir göstərir.

“Qlobal investisiya portfeli dünyada baş verən hadisələri müəyyən mənada əks etdirir və bazarlardakı dəyişikliklərə dərhal reaksiya verir. Faiz dərəcələrinin yüksəlməsi istiqrazların bazar dəyərinə təzyiq göstərə, geosiyasi qeyri-müəyyənlik isə səhm və qızıl bazarlarında qiymət dəyişikliklərinə səbəb ola bilər. Enerji qiymətləri və inflyasiya gözləntiləri də maliyyə bazarlarının dinamikasına təsir edən əsas amillərdəndir”, – deyə o bildirib.

Müşavirin sözlərinə görə, qısamüddətli bazar dəyişikliklərinə əsaslanaraq sərt qərarlar qəbul etmək yanlış nəticələrə səbəb ola bilər.

“Qısamüddətli dəyişikliklərə dərhal və sərt reaksiya vermək çətindir. Çünki yalnız cari bazar hərəkətlərinə əsaslanaraq qərar qəbul etmək yanlış addımlara gətirib çıxara bilər. Buna görə də portfeli planlaşdırılmış uzunmüddətli risk və gəlirlilik gözləntiləri, eləcə də makroiqtisadi proqnozlar əsasında idarə edirik”, – deyə V.Pşeniçnıy vurğulayıb.

O əlavə edib ki, ARDNF-nin aktivlərinin dəyəri və dinamikası bir sıra amillərdən asılıdır.

“Fondun aktivlərinin dəyəri vəsaitlərin idarə edilməsindən əldə olunan gəlirlər, maliyyə alətlərinin bazar qiymətlərindəki dəyişikliklər, valyuta məzənnələri, eləcə də Fondun gəlirləri və xərcləri ilə müəyyən olunur. Buna görə aktivlərin həcmini qiymətləndirərkən yalnız bir göstəriciyə deyil, bütövlükdə Fondun maliyyə nəticələrinə və portfelin strukturuna baxmaq lazımdır”, – deyə müşavir qeyd edib.

O, xüsusi vurğulayıb ki, son beş ildə ARDNF-nin aktivləri 67 faiz artaraq təxminən 44,3 milyard ABŞ dollarından 74 milyard ABŞ dollarına yüksəlib.

“Bu dövrdə Fondun investisiya portfelinin idarə olunması və bazar dəyərindəki dəyişikliklər hesabına ümumilikdə 23,1 milyard ABŞ dolları həcmində müsbət nəticə əldə olunub. Bunun təxminən 11 milyard ABŞ dolları birbaşa investisiya gəlirlərinin, qalan hissəsi isə valyuta məzənnələrindəki dəyişikliklərin və qızılın qiymət artımının payına düşür. Bu göstəricilər Fondun uzunmüddətli investisiya strategiyasının nəticələrini və aktivlərinin dəyərinin artırılması istiqamətində əldə olunan irəliləyişi əks etdirir”, – deyə V.Pşeniçnıy bildirib.

ARDNF-nin məlumatına görə, 2026-cı il sentyabrın 30-na Fondun aktivləri 74 milyard ABŞ dolları və ya 125,8 milyard manat təşkil edib. İlin əvvəli ilə müqayisədə aktivlər 462 milyon dollar və ya 786 milyon manat artıb. Yanvar-sentyabr aylarında Fondun ümumi gəlirləri 12 milyard 341,3 milyon manat, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə olunan gəlirləri 3 milyard 600,7 milyon manat olub.

Məlumata əsasən, 2026-cı il oktyabrın 1-nə ARDNF-nin investisiya portfelində istiqrazlar və pul bazarı alətlərinin payı 33,9 faiz, səhmlərin payı 27 faiz, qızılın payı 32,3 faiz, daşınmaz əmlak və infrastrukturun payı isə 6,8 faiz təşkil edib. Fondun qızıl ehtiyatları 178,1 ton olub.

V.Pşeniçnıy bildirib ki, investisiya portfelinin bölgüsü Fondun uzunmüddətli hədəfləri və risklərin idarə olunması prinsipləri əsasında müəyyən edilir.

“Portfelin müxtəlif aktiv sinifləri arasında bölüşdürülməsi risklərin idarə olunması baxımından əhəmiyyətlidir. Müxtəlif maliyyə alətlərinin bazar şəraitinə reaksiyası fərqli ola bilər. Buna görə investisiyaların bir neçə aktiv sinfi üzrə bölüşdürülməsi portfelin dayanıqlığının qorunmasına kömək edir. Bazar qiymətlərinin dəyişməsi nəticəsində aktivlərin portfeldəki payı arta və ya azala bilər. Belə hallarda müəyyən edilmiş limitlər və kənarlaşma hədləri çərçivəsində yenidən balanslaşdırma aparılır”, – deyə o bildirib.

Müşavir dövlət büdcəsinə transfertlərin mərhələli şəkildə azaldılmasının və neft qiymətlərindəki mümkün dəyişikliklərin fiskal risklərə təsirinin də ortamüddətli planlaşdırma baxımından əhəmiyyət daşıdığını qeyd edib.

“Fondun aktivlərinin uzunmüddətli perspektivdə qorunması onun fəaliyyətinin əsas məqsədlərindən biridir. Dövlət büdcəsinə transfertlər, Fondun gəlirləri və investisiya nəticələri aktivlərin dinamikasına təsir edən amillərdəndir. Bu baxımdan, ortamüddətli fiskal çərçivədə nəzərdə tutulan göstəricilər və büdcə qaydasının tətbiqi dövlət maliyyəsinin dayanıqlığının qorunması baxımından əhəmiyyət daşıyır”, – deyə V.Pşeniçnıy vurğulayıb.

Müşavirin sözlərinə görə, ARDNF-nin investisiya siyasətinin əsas prioritetləri aktivlərin qorunması, risklərin səmərəli idarə olunması və uzunmüddətli gəlirliliyin təmin edilməsidir.

“Qlobal maliyyə bazarlarında dəyişikliklər davam edir və müxtəlif aktivlərin dəyəri ayrı-ayrı dövrlərdə fərqli istiqamətlərdə hərəkət edə bilər. Belə şəraitdə qısamüddətli dalğalanmalara əsaslanaraq sərt qərarlar qəbul etmək düzgün olmazdı.

Əsas məqsədimiz müxtəlif bazar ssenarilərində dayanıqlığını qoruyan və uzunmüddətli dövrdə riskə uyğun gəlirlilik yaradan diversifikasiya olunmuş portfel qurmaqdir ”, – deyə V.Pşeniçnıy əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti