KPMG Yaşıl Enerji Dəhlizinin reallaşdırılması üçün dörd əsas prioriteti açıqladı

İqtisadiyyat Xəbər 22 Oktyabr 2026 17:04 (UTC +04:00)
KPMG Yaşıl Enerji Dəhlizinin reallaşdırılması üçün dörd əsas prioriteti açıqladı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Yaşıl Enerji Dəhlizinin növbəti mərhələyə keçməsi üçün dörd əsas istiqamət üzrə paralel iş aparılmalıdır: dayanıqlı kommersiya modelinin hazırlanması, aydın transsərhəd normativ-hüquqi bazanın formalaşdırılması, risklərin səmərəli bölüşdürülməsi və maliyyələşməni cəlb edə biləcək kapital strukturunun yaradılması.

KPMG-dən Trend-ə bildirilib ki, texniki-iqtisadi əsaslandırmanın investisiya baxımından cəlbedici təklifə çevrilməsi üçün bu elementlərin uzlaşdırılması zəruridir.

Qeyd olunub ki, bu prioritetlər Bakıda keçirilən Yaşıl Enerji Dəhlizi üzrə investisiya və tərəfdaşlıq forumunda müəyyənləşdirilib. KPMG-nin Qafqaz və Mərkəzi Asiya üzrə sövdələşmələr sahəsində konsaltinq xidmətləri üzrə direktor müavini İrsen Pak “Texniki-iqtisadi əsaslandırmadan investisiya cəlbediciliyinə: Yaşıl Enerji Dəhlizinin maliyyələşdirilməsi” mövzusunda məruzə ilə çıxış edib. O, layihənin yekun investisiya qərarının (FID) qəbul edilməsi mərhələsinə çatması üçün zəruri şərtləri nəzərdən keçirib.

KPMG layihənin investisiya cəlb etməyə hazırlığından asılı olan dörd qarşılıqlı əlaqəli fəaliyyət istiqamətini müəyyənləşdirir:

  • Kommersiya modeli: layihənin gəlir mənbələrinin və onların dayanıqlılığını təmin edən mexanizmlərin müəyyənləşdirilməsi.
  • Normativ-hüquqi baza: transsərhəd normativ və müqavilə mexanizmlərinin formalaşdırılması.
  • Risklərin bölüşdürülməsi: risklərin bölüşdürülməsi prinsiplərinin və layihənin kredit keyfiyyətinin artırılması mexanizmlərinin tətbiqinə ehtiyacın müəyyən edilməsi.
  • Kapital strukturu: layihənin borclanma potensialının qiymətləndirilməsi və kreditorlarla əməkdaşlığa hazırlıq.

KPMG vurğulayır ki, bu istiqamətlər bir-biri ilə sıx bağlıdır. Kommersiya modeli gəlirlərin formalaşmasının əsasını müəyyən edir, normativ və müqavilə mexanizmləri layihənin həyata keçirilməsi şərtlərini müəyyənləşdirir, risklərin bölüşdürülməsi ümumi risk profilini qiymətləndirməyə imkan verir, kapital strukturu isə maliyyələşmənin cəlb edilməsi imkanlarını müəyyən edir.

“Layihənin maliyyələşmə baxımından investisiya cəlbediciliyi məsələsinə yalnız onun hazırlanmasının yekun mərhələsində baxmaq olmaz. Kommersiya modeli, normativ mexanizmlər, risklərin bölüşdürülməsi və kapital strukturu vahid konsepsiya çərçivəsində hazırlanmalıdır. Məhz bu yanaşma investorlar və kreditorlarla konkret məsələlər üzrə müzakirələr üçün zəmin yaradır və nəticədə investisiya qərarının qəbul edilməsinə imkan verir”, - İrsen Pak bildirib.

KPMG-nin təhlilində texniki-iqtisadi əsaslandırma ilə maliyyələşməyə hazır investisiya təklifinin fərqli məqsədlərə xidmət etdiyi də vurğulanır. Birincisi layihənin texniki və iqtisadi baxımdan həyata keçirilə bilməsini müəyyən edirsə, maliyyələşmənin cəlb olunması üçün inandırıcı kommersiya, müqavilə və maliyyə strukturu tələb olunur.

“ İnvestorlar riskləri nəzərə almaqla gəlirliliyi, əlverişsiz ssenarilərdən qorunma mexanizmlərini, korporativ idarəetməni və layihədən çıxış imkanlarını qiymətləndirəcəklər. Kreditorlar isə pul vəsaitlərinin hərəkətinin proqnozlaşdırıla bilməsinə, layihənin borc öhdəliklərini yerinə yetirmək qabiliyyətinə, müqavilə təminatlarına və əlverişsiz ssenarilərə qarşı dayanıqlılığına diqqət yetirəcəklər.

Bu amillərin birləşdirilməsi bütöv investisiya təklifinin formalaşdırılmasına və Yaşıl Enerji Dəhlizi yekun investisiya qərarının qəbuluna doğru irəlilədikcə kapital təminatçıları ilə konkret məsələlər üzrə müzakirələrin aparılması üçün zəmin yaradacaq”,- KPMG-dən bildirilib.

Qeyd edək ki, Bakıda Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi layihəsi çərçivəsində investisiya imkanlarına və tərəfdaşlığa həsr olunmuş “Yaşıl Enerji Dəhlizi: texniki-iqtisadi əsaslandırmadan həyata keçirilməyə doğru” forumu keçirilib.

Forumun məqsədi layihənin texniki-iqtisadi əsaslandırma mərhələsindən investisiya mərhələsinə və praktiki icrasına keçidini sürətləndirmək, potensial tərəfdaşlarla biznes modelini, maliyyələşmə strukturunu və kommersiya perspektivlərini müzakirə etmək, həmçinin 2029-cu ilə planlaşdırılan yekun investisiya qərarının (FID) qəbuluna hazırlığa dəstək verməkdir.

Tədbirdə Azərbaycanın və tərəfdaş ölkələrin dövlət qurumlarının, Avropa İttifaqının, beynəlxalq maliyyə institutlarının, investisiya fondlarının, enerji şirkətlərinin, elektrik enerjisi alıcılarının, ötürücü sistem operatorlarının, kabel məhsulları istehsalçılarının, texnologiya təchizatçılarının, mühəndislik və sığorta şirkətlərinin nümayəndələri iştirak ediblər.

Forumun iştirakçıları arasında Dünya Bankı, Avropa İnvestisiya Bankı (AİB), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Asiya İnkişaf Bankı (AİB), Qara Dəniz Ticarət və İnkişaf Bankı, İslam İnkişaf Bankı, Brookfield Asset Management, ACWA Power, Masdar, SOCAR Green, China Datang, State Grid Corporation of China, PowerChina, Siemens Energy, ABB, Hitachi Energy, Xlinks, Zhero, TotalEnergies, Jan De Nul, Prysmian, NKT, Hellenic Cables, ZTT, Hengtong, Orient Cable, Mitsui, CESI və digər beynəlxalq şirkətlərin nümayəndələri yer alıblar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti