Bakı. Trend:
Bakının Nəsimi rayonunda 2001-ci ildə Həqiqət Məmmədovanın qəsdən öldürülməsi ilə bağlı cinayətin üstü açılıb, hadisəni törətməkdə təqsirləndirilən Rövşən Zeynalov həbs edilib.
Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib.
Qeyd olunub ki, 1961-ci il təvəllüdlü Həqiqət Məmmədovanın 2001-ci il iyunun 30-da öldürülməsi faktı üzrə cinayət işinin icraatı təzələnib. Nəsimi rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Dindirmələr, müasir ekspertiza tədqiqatlarının nəticələrinin təhlili və uzlaşdırılması nəticəsində hadisənin təfərrüatları müəyyənləşdirilib.
Toplanmış sübutlarla əvvəllər qəsdən adam öldürməyə görə məhkum olunmuş, 1976-cı il təvəllüdlü Rövşən Zeynalovun aşkar surətdə köməksiz vəziyyətdə olan Həqiqət Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
R.Zeynalov 2026-cı il oktyabrın 20-də polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və şübhəli şəxs qismində tutulub.
Oktyabrın 22-də ona Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi — təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə ilə ittiham elan edilib. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ibtidai istintaq Nəsimi rayon prokurorluğunda davam etdirilir.
