Aşqabad.Trend:
Qazaxıstanın polad elektrik qaynaqlı boru istehsalçısı “TEMPO-Kazaxstan” Türkmənistana ixracı genişləndirməkdə maraqlıdır və yerli şirkətləri əməkdaşlığa dəvət edir. Müəssisənin illik istehsal gücü təxminən 400 min ton boru təşkil edir, ixrac potensialı isə 200 min tona çatır.
Bunu “TEMPO-Kazaxstan” şirkətinin ixrac şöbəsinin rəhbəri Boris Ryabuxa Aşqabadda keçirilən “Türkmənistanın neft və qazı” (OGT 2026) adlı 31-ci Beynəlxalq Konfrans və Sərgi çərçivəsində Trend-ə bildirib.
“Türkmənistanda keçirilən sərgidə ilk dəfə iştirak edirik. Bazarda özümüzü tanıtmaq və Türkmənistan bazarını öyrənmək məqsədilə stendlə təmsil olunmağa qərar verdik”, – B. Ryabuxa deyib.
Onun sözlərinə görə, şirkət diametri 57–630 millimetr olan polad elektrik qaynaqlı borular istehsal edir. Məhsullar mənzil-kommunal təsərrüfatından tutmuş magistral boru kəmərləri vasitəsilə neft və qazın nəqlinədək müxtəlif sahələrdə istifadə olunur.
“Biz açıq əməkdaşlığa hazırıq, respublikaya ixracı inkişaf etdirmək istəyirik və yerli şirkətləri əməkdaşlığa çağırırıq”, – şirkət nümayəndəsi qeyd edib.
Xüsusilə, müəssisə metal ticarəti ilə məşğul olan şirkətlərlə, treyderlərlə, eləcə də mühəndis şəbəkələrinin tikintisi və boru kəmərlərinin çəkilməsi ilə məşğul olan təşkilatlarla tərəfdaşlıqda maraqlıdır.
B. Ryabuxa bildirib ki, hazırda zavodun ikinci istehsal növbəsinin tikintisi davam edir. Bu mərhələ diametri 1420 millimetrədək olan iri diametrli boruların istehsalına başlamağa imkan verəcək. Bu da müəssisənin istehsal imkanlarını genişləndirəcək.
O həmçinin “TEMPO BAKU” şirkətinin Azərbaycan bazarında fəal fəaliyyət göstərdiyini, geniş məhsul tədarükü çeşidinə malik olduğunu və müxtəlif müştərilərlə əməkdaşlıq etdiyini vurğulayıb. Onun sözlərinə görə, şirkət regionda yeni tərəfdaşlarla əməkdaşlığa açıqdır.
Qeyd edək ki, “TEMPO-Kazaxstan” müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələri birləşdirən Rusiyanın sənaye holdinqi olan “ТEMPO” şirkətlər qrupuna daxildir. Qazaxıstanın Karağandı vilayətinin Saran şəhərində yerləşən istehsal müəssisəsi neft-qaz sektoru, tikinti və mənzil-kommunal təsərrüfatı üçün diametri 57–630 millimetr olan elektrik qaynaqlı polad boruların istehsalı üzrə ixtisaslaşıb. Zavodun bəyan edilmiş illik istehsal gücü 300 min tona qədər boru təşkil edir.
Qrupun satış strukturu məhsulların daxili və xarici bazarlarda realizəsini həyata keçirir. Qrupla əlaqəli strukturlar arasında Astanada fəaliyyət göstərən “Torqovıy Dom TEM Kazaxstan"” MMC və Azərbaycandakı “TEMPO BAKU” şirkəti də var.
