Fransadakı siyasi-qeyri müəyyənlik istiqrazlar bazarında volatillik dövrlərinə səbəb ola bilər - ING

İqtisadiyyat Xəbər 22 Oktyabr 2026 18:29 (UTC +04:00)
Fransadakı siyasi-qeyri müəyyənlik istiqrazlar bazarında volatillik dövrlərinə səbəb ola bilər - ING
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Fransada siyasi qeyri-müəyyənlik və Yaxın Şərqdəki münaqişə 2027-ci ildə maliyyə bazarlarında volatillik dövrlərinə səbəb ola bilər.

Bu barədə ING-nin “2027-ci il üçün kredit alətləri təklifi üzrə proqnoz” hesabatında deyilir.

Hesabata əsasən, cari ildə "asset swap" spredləri əvvəlcə geosiyasi qeyri-sabitliyə və bununla bağlı iqtisadi dəyişikliklərə davamlılıq nümayiş etdirib. ABŞ, İsrail və İran arasında münaqişənin başlamasından sonra mart ayında müəyyən volatillik müşahidə olunsa da, spredlər qısa müddətdə bərpa olunaraq tarixi minimuma yaxınlaşıb.

“Bununla belə, Yaxın Şərqdə münaqişənin daha da kəskinləşməsi və onun həlli ilə bağlı aydın perspektivlərin olmaması spredlərə təzyiqi artıra bilər.

Bundan əlavə, Fransanın büdcə və siyasi problemləri, Fransa dövlət istiqrazları olan OAT-larla Almaniyanın Bund istiqrazları arasındakı spredlərin dəyişkənliyi, eləcə də Avropada daha geniş miqyaslı fiskal risklər son vaxtlar spredlərin yenidən genişlənməsinə səbəb olub.

Fransadakı siyasi qeyri-müəyyənliklə Yaxın Şərqdəki münaqişənin bir araya gəlməsi 2027-ci ildə bazarlarda volatillik dövrlərinə gətirib çıxara bilər. Bununla belə, analitiklər bu amillərin bank istiqrazlarının təklif həcminə əhəmiyyətli dərəcədə mənfi təsir göstərəcəyini gözləmirlər”, – hesabatda qeyd olunur.

Bildirilir ki, spredlərin genişlənməsi dövrlərinin nə vaxt baş verməsindən asılı olaraq, maliyyə institutları 2028-ci ildə ödənilməsi planlaşdırılan öhdəlikləri qarşılamaq üçün əvvəlcədən vəsait cəlb etməyə daha az maraq göstərə bilərlər.

ING-nin hesabatına əsasən, 2027-ci ildə avro ilə ifadə olunan bank istiqrazlarının buraxılış həcminin 450 milyard avroya çatacağı gözlənilir.

“Xalis təklifin həcmi 2026-cı ildəki 89 milyard avro ilə müqayisədə 57 milyard avro təşkil edəcək.

Qiymətləndirməmizə görə, təminatlı istiqrazların (covered bonds) buraxılış həcmi 185 milyard avro olacaq. Buraya dəyişkən faiz dərəcəli istiqrazlar da daxil olmaqla, 180 milyard avroluq benchmark həcmli istiqrazlar və 5 milyard avroluq daha kiçik həcmli istiqrazlar daxildir. Bu, 2026-cı il üçün proqnozumuzdan 5 milyard avro azdır. Azalma emitentlərin ödəniş həcminin tarixi maksimuma çatacağı dövrə hazırlaşmaq məqsədilə cari ildə artıq qabaqcadan maliyyələşdirmə aparmasını əks etdirir.

Bundan əlavə, gələn il ipoteka kreditləşməsi üzrə proqnozlar durğunluğa işarə edir ki, bu da təminatlı istiqrazların buraxılışının gələcək artımını müəyyən dərəcədə məhdudlaşdıracaq. Eyni zamanda, sekuritizasiya tədbirləri paketi üzrə işlər yekun mərhələyə yaxınlaşdığından, maliyyələşdirmə ehtiyacları yüksək olan emitentlər diversifikasiya məqsədilə təminatlı alətlərin buraxılışının bir hissəsini sekuritizasiya istiqamətinə yönəldə bilərlər”, – ING bildirir.

Vurğulanır ki, tənzimləmə sahəsindəki dəyişikliklər fonunda xarici investorların təminatlı istiqrazlara tələbinin artması da valyuta diversifikasiyasının genişlənməsinə və avro ilə ifadə olunan istiqraz buraxılışlarının payının azalmasına səbəb ola bilər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti