Bakı.Trend:
Özbəkistanın neft bazalarının rəhbərlərindən və sahə mütəxəssislərindən ibarət nümayəndə heyəti Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) neft məhsullarının təchizatı, saxlanması və bölüşdürülməsi, eləcə də yanacağın pərakəndə satışı sahəsində idarəetmə təcrübəsini öyrənir.
Bu barədə “Uzbekneftegaz” şirkətinin məlumatında bildirilib.
Məlumata görə, nümayəndə heyəti "SOCAR Downstream" şirkətinin ofisinə baş çəkib. Burada mütəxəssislər neft məhsullarının daşınması və saxlanmasından tutmuş istehlakçılara çatdırılmasına qədər bütün təchizat zəncirinin təşkili ilə tanış olublar.
Həmçinin yanacağın satışı, müştərilərlə münasibətlərin idarə edilməsi və sahənin dövlət tərəfindən tənzimlənməsi mövzularında təqdimatlar keçirilib.
Bundan əlavə, nümayəndə heyəti Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna baş çəkərək istehsal proseslərinin idarəetmə mərkəzinin fəaliyyəti ilə tanış olub. Mütəxəssislər beynəlxalq səviyyədə akkreditasiya olunmuş laboratoriyada keyfiyyətə nəzarət prosedurlarını da öyrəniblər.
Zavoddan 11 kilometr məsafədə yerləşən neft bazasında nümayəndə heyətinin üzvləri neft məhsullarının qəbulu, saxlanması və yüklənməsi proseslərini izləyiblər.
Nümayəndə heyəti, həmçinin "SOCAR Petroleum" şirkətinin iki yanacaqdoldurma məntəqəsinə və neft bazasına baş çəkib. Mütəxəssislər müştərilərə xidmət, təhlükəsizlik tələblərinə riayət olunması və uçot sistemləri də daxil olmaqla, əməliyyat proseslərinə xüsusi diqqət yetiriblər. Onlar azərbaycanlı mütəxəssislərlə fikir mübadiləsi aparıb və texniki suallarına cavab alıblar.
“Uzbekneftegaz” şirkətindən bildirilib ki, nümayəndə heyəti Bakıda öyrəndiyi ən səmərəli həlləri və təcrübələri Özbəkistanda tətbiq etməyi planlaşdırır.
