Bişkek görüşü Bakı və İrəvan arasında sülh prosesinin praktiki mərhələyə keçdiyini göstərir - Politoloq

Siyasət Materials 1 Sentyabr 2026 14:59 (UTC +04:00)
Bişkek görüşü Bakı və İrəvan arasında sülh prosesinin praktiki mərhələyə keçdiyini göstərir - Politoloq
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bişkekdə keçirilən görüş Azərbaycan-Ermənistan normallaşması prosesində birbaşa siyasi dialoqun davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

Onun sözlərinə görə, Bişkek görüşünü ayrıca siyasi hadisə kimi deyil, son dövrdə Azərbaycan və Ermənistan arasında formalaşan birbaşa dialoq mexanizminin davamı kimi qiymətləndirmək lazımdır.

“Əsas məqamlardan biri ondan ibarətdir ki, Bakı və İrəvan sülh gündəliyini birbaşa müzakirə etmək imkanlarını genişləndirirlər. Bu, tərəflərin öz münasibətlərinin gələcəyini kənar vasitəçilərin geosiyasi maraqlarından asılı olmadan müəyyənləşdirməsi baxımından vacibdir. Birbaşa dialoq həm qərarların qəbulunu sürətləndirə, həm də tərəflər arasında yaranan məsələlərin daha operativ şəkildə müzakirəsinə imkan verə bilər.

Bişkek görüşünün siyasi fonunu qiymətləndirərkən 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilmiş Sülh Zirvə görüşünün nəticələrini də nəzərə almaq lazımdır. Sülh sazişinin razılaşdırılmış mətninin paraflanmasından sonra əsas məsələ əldə edilmiş siyasi razılaşmaların praktik müstəviyə keçirilməsidir. Başqa sözlə, proses artıq yalnız sülh sazişinin mətni ətrafında danışıqlardan ibarət deyil. İndi əsas diqqət normallaşmanın real nəticələrinin yaradılmasına yönəlir.

Bu baxımdan Azərbaycan neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən yüklərin Azərbaycan ərazisindən Ermənistana tranziti və iki ölkə arasında ticarət əlaqələrinin tədricən formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Bunları real ‘sülh dividendləri’ kimi qiymətləndirmək mümkündür. İnsanlar və biznes strukturları sülhün konkret iqtisadi faydasını gördükcə, normallaşma prosesinin sosial və iqtisadi dayaqları da güclənir”, - deyə politoloq bildirib.

Azər Qarayev qeyd edib ki, iqtisadi və enerji əməkdaşlığının genişləndirilməsi siyasi münasibətlərdə qarşılıqlı etimadın formalaşmasına da təsir göstərə bilər:

“Uzunmüddətli sülh yalnız siyasi sənədlərlə təmin olunmur. Onun arxasında qarşılıqlı iqtisadi maraqlar, ticarət əlaqələri, nəqliyyat kommunikasiyaları və işgüzar dairələr arasında əməkdaşlıq dayanmalıdır. Azərbaycan və Ermənistan biznes nümayəndələri arasında birbaşa təmasların genişlənməsi bu mənada xüsusilə əhəmiyyətlidir. Biznes münasibətləri siyasi münasibətlərdən fərqli olaraq daha çox qarşılıqlı fayda və praqmatik maraqlar üzərində qurulur. Belə əlaqələrin davamlı xarakter alması gələcəkdə münasibətlərin geriyə dönüşünü daha çətin edə bilər.

Digər mühüm istiqamət dövlət sərhədinin delimitasiyası prosesidir. Delimitasiya üzrə komissiyaların fəaliyyətinin davam etdirilməsi iki ölkə arasında münasibətlərin hüquqi və praktiki əsaslarının möhkəmləndirilməsi üçün zəruridir. Sərhəd məsələlərinin razılaşdırılmış prinsiplər əsasında həlli gələcəkdə mümkün gərginlik risklərinin minimuma endirilməsinə xidmət edəcək. Buna görə də delimitasiya prosesində əldə olunan hər bir konkret nəticə ümumi sülh prosesinin irəliləməsi kimi qiymətləndirilməlidir”.

Politoloq hesab edir ki, növbəti mühüm istiqamətlərdən biri regional kommunikasiyaların açılması və “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun – TRIPP-in həyata keçirilməsi ilə bağlı praktiki məsələlərdir.

“TRIPP yalnız Azərbaycan və Ermənistan arasındakı nəqliyyat bağlantısı kimi nəzərdən keçirilməməlidir. Layihənin daha geniş regional əhəmiyyəti var. Onun reallaşdırılması Şərq-Qərb və regional nəqliyyat əlaqələrinin şaxələndirilməsi, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin olunması və Ermənistanın regional iqtisadi layihələrə inteqrasiyası baxımından yeni imkanlar yarada bilər. Burada artıq siyasi bəyanatlardan texniki və praktiki müzakirələrə keçilməsi vacibdir.

Eyni zamanda, sülh prosesinin yalnız dövlət başçıları və hökumətlər səviyyəsində aparılması kifayət deyil. Parlamentarilər, ekspertlər, media və vətəndaş cəmiyyəti nümayəndələri arasında təmasların genişləndirilməsinə ehtiyac var. Onilliklər davam edən münaqişədən sonra iki cəmiyyət arasında etimadın bərpası uzunmüddətli prosesdir. Siyasi rəhbərlik səviyyəsində əldə olunan razılaşmaların cəmiyyətlər tərəfindən qəbul edilməsi və sülhün alternativsiz perspektiv kimi formalaşması üçün insanlar arasında dialoq kanalları da yaradılmalıdır”, - o əlavə edib.

Azər Qarayev vurğulayıb ki, hazırkı mərhələdə Bakı və İrəvan üçün ən səmərəli format birbaşa ikitərəfli dialoqun davam etdirilməsidir:

“Son dövrün təcrübəsi göstərir ki, Azərbaycan və Ermənistan birbaşa təmaslar vasitəsilə konkret nəticələr əldə etmək imkanına malikdirlər. Vasitəçilərin iştirakı bəzi mərhələlərdə faydalı ola bilər, lakin yekun sülh ilk növbədə Azərbaycan və Ermənistanın siyasi iradəsinə əsaslanmalıdır. Çünki bu sülhün şərtlərini həyata keçirəcək və onun nəticələri ilə yaşayacaq tərəflər məhz Bakı və İrəvandır.

Bişkek görüşündən sonrakı mərhələdə əsas gözlənti siyasi dialoqun konkret praktiki addımlarla müşayiət olunmasıdır. Buraya delimitasiya prosesinin davam etdirilməsi, nəqliyyat kommunikasiyalarının açılması üzrə texniki məsələlərin həlli, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, işgüzar və ictimai təmasların artırılması daxildir. Bu istiqamətlər üzrə irəliləyiş yekun sülh sazişinin imzalanması üçün daha əlverişli siyasi mühit formalaşdıra bilər.

Hazırda əsas məsələ əldə edilmiş razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsi və sülh prosesinin geri dönməz xarakter almasıdır. Əgər Bakı və İrəvan mövcud dinamikanı qoruyub saxlaya və praktiki əməkdaşlığı genişləndirə bilsələr, Bişkek görüşü gələcəkdə Azərbaycan-Ermənistan münasibətlərinin tam normallaşmasına aparan mühüm mərhələlərdən biri kimi qiymətləndirilə bilər”, - deyə Azər Qarayev yekunlaşdırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti