Bakı.Trend:
Azərbaycanda AZIPS üzrə aparılan əməliyyatların həcmi artıb.
Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik bülletenə əsasən, cari ilin iyul ayında Azərbaycanın Real Vaxt Rejimində Milli Hesablaşmalar Sistemi (AZIPS) üzrə aparılan əməliyyatların həcmi 161,5 milyard manatı, sayı isə 240,5 mini ötüb.
Trend agentliyinin bankın məlumatları əsasında apardığı hesablamalara görə, 2025-ci ilin eyni ayının göstəriciləri ilə müqayisədə bu sistem üzrə aparılan əməliyyatların həcmi 85,1 milyard manatdan çox və ya 2,1 dəfə, sayı isə 22 min vahid və ya 10,1 faiz artıb.
Qeyd edək ki, bankın iyul ayının sonuna olan məlumatına görə, bank sistemi və “Azərpoçt” MMC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı 22,785 milyon ədədə çatıb.
AMB-nin məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,9 faiz artıb.
Həmçinin qeyd olunub ki, debet kartlarının sayı 10,5 faiz artıb, kredit kartlarının sayı isə 4,6 faiz azalıb.
“İlin əvvəlindən ölkə daxilində nağdsız əməliyyatların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 13,9 faiz artıb.
2026-cı ilin iyul ayında ölkə daxilində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 9,712 milyard manat təşkil edib. Nağdsız ödənişlərin ümumi həcmindən 8,455 milyard manat elektron ticarətin, 1,255 milyard manat POS-terminalların, 2 milyon manat isə özünəxidmət terminalları və bankomatlar vasitəsilə aparılan əməliyyatların payına düşüb.
İlin əvvəlindən ödəniş kartlarından istifadə edilməklə ölkə daxilində aparılan nağdsız əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının ümumi həcminin 69,8 faizini təşkil edib”, - bankın məlumatında deyilir.
