Vaşinqtonda Orta Dəhlizin inkişafı müzakirə olunacaq

İqtisadiyyat Materials 1 Sentyabr 2026 13:39 (UTC +04:00)
Vaşinqtonda Orta Dəhlizin inkişafı müzakirə olunacaq
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Amerika-Gürcüstan Biznes Şurası (AGBC) və Amerika-Azərbaycan Ticarət Palatası (USACC) Dünya Bankının regional direktoru Roland Prays ilə Orta Dəhlizin inkişafına və regional nəqliyyat əlaqəliliyinə həsr olunmuş dəyirmi masa keçirəcəklər.

"Diskussiya zamanı Mərkəzi Asiyanı, Cənubi Qafqazı, Türkiyəni və Avropanı birləşdirən ticarət və nəqliyyat marşrutu kimi Orta Dəhlizin artan əhəmiyyəti nəzərdən keçiriləcək. Bundan əlavə, tərəflər regional əlaqəliliyin gücləndirilməsi, ticarət və investisiyaların genişləndirilməsi, eləcə də dəhliz boyunca yerləşən ölkələr arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə edəcəklər", - palatadan bildirilib.

Dünya Bankı hesab edir ki, Orta Dəhlizin gücləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi ticarətin artması, iş yerlərinin yaradılması və sahibkarlığın stimullaşdırılması hesabına region ölkələrinin iqtisadi inkişafına töhfə verəcək.

"İnvestisiyaların və səmərəliliyin artırılması üzrə tədbirlərin birləşdirilməsi 2030-cu ilə qədər dəhliz üzrə daşınma müddətini iki dəfə azaltmağa və ticarət həcmlərini üç dəfə artırmağa imkan verə bilər", - Dünya Bankının 2024-cü il hesabatında qeyd olunub.

Azərbaycan nəqliyyat əlaqəliliyinin gücləndirilməsi, sərhədkeçmə prosedurlarının optimallaşdırılması və rəqəmsal məlumat mübadiləsinin genişləndirilməsi məqsədilə Orta Dəhliz boyunca yerləşən tərəfdaş ölkələrlə fəal əməkdaşlıq edir.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Azad İqtisadi Zonası və yeni logistika mərkəzləri marşrutun rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artırır.

Hazırda Bakı Limanının genişləndirilməsi həyata keçirilir və bunun nəticəsində onun yük emalı gücü 15 milyon tondan 25 milyon tona çatdırılacaq.

Orta Dəhlizdə aparılan islahatların ən mühüm nəticələrindən biri yüklərin daşınma müddətinin əhəmiyyətli dərəcədə azaldılması olub. Bir neçə il əvvəl Çin-Avropa marşrutu üzrə yüklərin çatdırılması 38-53 gün çəkirdisə, hazırda orta hesabla 12 gün təşkil edir. Müddətin bu qədər azalması elektron icazələrin və e-TIR və e-CMR daxil olmaqla rəqəmsal alətlərin tətbiqi, yüklərin real vaxt rejimində izlənilməsi, gömrük və sərhəd prosedurlarının optimallaşdırılması, həmçinin dövlət qurumları arasında məlumat mübadiləsinin sürətləndirilməsi sayəsində mümkün olub.

Dünya ticarətinin getdikcə daha çevik, şaxələndirilmiş və çoxqatlı olduğu bir şəraitdə Orta Dəhliz formalaşmaqda olan Avrasiya ticarət arxitekturasının əsas elementlərindən birinə çevrilmək üçün tarixi imkan əldə edir.

Marşrut tədricən xəritədə iki nöqtəni birləşdirən sadə tranzit arteriyasının hüdudlarından çıxaraq, genişlənən şəbəkə boyunca yeni ticarət axınlarını, investisiyaları, infrastruktur layihələrini və logistika xidmətlərini cəlb edən daha geniş iqtisadi ekosistemə çevrilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti