Bişkek.Trend:
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Avrasiya qitəsində strateji sabitlik və etimad tədbirləri məsələləri üzrə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Nazirlər Konfransının keçirilməsini təklif edib.
Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Tokayev Bişkekdə ŞƏT-ə üzv dövlətlərin başçılarının Şurasının iclasında çıxışı zamanı deyib.
Çıxışı zamanı prezident “Şanxay onluğu”na daxil olan bütün ölkələr üçün xüsusi əhəmiyyət daşıyan bir sıra əsas istiqamətləri qeyd edib.
“İctimai etimadın və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi. ŞƏT-də Avrasiyanın ən böyük dövlətləri təmsil olunur və formalaşmaqda olan çoxqütblü dünya nizamının konturları böyük ölçüdə onların mövqeyindən asılıdır. Bu, Təşkilatımızın üzərinə xüsusi məsuliyyət qoyur. Avrasiya qitəsində strateji sabitlik və etimad tədbirləri məsələləri üzrə ŞƏT Nazirlər Konfransının keçirilməsini aktual hesab edirik. Bu tədbirin gündəliyinə hərbi risklərin azaldılması, yeni silahlanma yarışının qarşısının alınması və təhlükəli insidentlərin önlənməsi məsələləri daxil edilə bilər”, – deyə Tokayev bildirib.
Dövlət başçısının sözlərinə görə, silahlı münaqişələrin nəticələrinin artıq birbaşa döyüş zonalarının hüdudlarını aşaraq beynəlxalq bazarlara, kommersiya gəmiçiliyinə, enerji və nəqliyyat əlaqələrinin dayanıqlılığına təsir göstərməsi xüsusi narahatlıq doğurur.
Tokayev həmçinin qeyd edib ki, Qazaxıstan yaradılmaqda olan Təhlükəsizlik sahəsində çağırış və təhdidlərə qarşı mübarizə üzrə Universal Mərkəzin, eləcə də ŞƏT Narkotiklərlə Mübarizə Mərkəzinin məqsəd və vəzifələrini dəstəkləyir.
“Onların fəaliyyəti dövlətlərimizin səlahiyyətli qurumları arasında koordinasiyanı keyfiyyətcə yeni səviyyəyə çıxarmağa və bu istiqamətdə birgə fəaliyyətin səmərəliliyini artırmağa imkan verəcək”, – deyə o vurğulayıb.
