İnnovasiya və startap ekosisteminin inkişafı üçün yeni qanunvericilik paketi hazırlanıb

İqtisadiyyat Materials 1 Sentyabr 2026 10:48 (UTC +04:00)
İnnovasiya və startap ekosisteminin inkişafı üçün yeni qanunvericilik paketi hazırlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda innovasiya və startap ekosisteminin inkişafı üçün qanunvericilik paketi hazırlanıb və müvafiq qaydada təqdim edilib.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Hüquqi təminat şöbəsinin müdiri Səbinə Hümbətzadə “Media üçün rəqəmsal səriştələr” adlı maarifləndirici sessiya çərçivəsində təşkil olunan “Azərbaycanda rəqəmsal və innovasiya ekosisteminin inkişafı: yeni qanunvericilik imkanları” mövzusunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda rəqəmsal və innovasiya inkişafına həm qanunvericilik, həm də icra hakimiyyəti səviyyəsində böyük dəstək göstərilir.

“2026-cı il fevralın 21-də Azərbaycan Respublikası Prezidentinin 455 nömrəli fərmanı ilə Rəqəmsal inkişafın sürətləndirilməsinə dair fəaliyyət planı qəbul olunub. Bu gün təqdim etdiyimiz qanunvericilik paketi çərçivəsində hazırlanmış layihələr və artıq qəbul edilmiş bir sıra normativ hüquqi aktların formalaşdırılması üçün əsas zəmin məhz həmin fəaliyyət planı olub”, - deyə S.Hümbətzadə bildirib.

O qeyd edib ki, fəaliyyət planında müəyyənləşdirilmiş tapşırıqların icrası çərçivəsində qanunvericilik layihələri hazırlanıb, bir sıra dövlət qurumları və aidiyyəti orqanlarla razılaşdırılıb və müvafiq qaydada təqdim edilib.

S.Hümbətzadənin sözlərinə görə, fəaliyyət planında bir sıra əsas məqsədlər müəyyənləşdirilib. Bunlara innovasiya və startap ekosisteminin inkişaf etdirilməsi, texnologiyalar parklarının əhatə dairəsinin genişləndirilməsi, təhlükəsiz və rəqəmsal sərhəd anbarlarının hüquqi bazasının formalaşdırılması, investisiya və vençur mexanizmlərinin inkişaf etdirilməsi daxildir.

“Burada təkcə vençur maliyyələşməsindən söhbət getmir. Gələcəkdə kraudfandinq və digər beynəlxalq maliyyə alətlərinin tətbiqi üçün də qanunvericilik əsaslarını formalaşdırdıq”, - deyə şöbə müdiri vurğulayıb.

O bildirib ki, dövlət satınalmaları sahəsində də mühüm dəyişikliklər edilib. Məqsəd dövlət satınalmaları çərçivəsində innovativ məhsulların dəstəklənməsi və onların tətbiq imkanlarının genişləndirilməsidir.

“Sandbox mexanizminin də hüquqi əsasını formalaşdırdıq. Burada əsasən özəl subyektlər tərəfindən həyata keçirilən “Sandbox” mexanizmindən söhbət gedir. Eyni zamanda, dövlət və rəqəmsal layihələrin maliyyələşdirilməsi ilə bağlı konkret mexanizmin hüquqi əsasını yaratmış olduq”, - deyə S.Hümbətzadə qeyd edib.

Şöbə müdiri bildirib ki, təqdim olunan qanunvericilik paketi ümumilikdə 26 qanun, 5 Prezident fərmanı və 2 Nazirlər Kabinetinin qərarını əhatə edir.

“Hazırda uyğunlaşdırma prosesi çərçivəsində bu rəqəmlərdə müəyyən dəyişikliklər ola bilər. Lakin ümumi olaraq qanunvericilik paketimiz 26 qanun, 5 Prezident fərmanı və 2 Nazirlər Kabinetinin qərarından ibarətdir”, - deyə o bildirib.

S.Hümbətzadə vurğulayıb ki, əsas məqsəd yalnız vergi güzəştlərinin tətbiqi deyil, sahibkarların və innovasiya subyektlərinin ideyanın formalaşmasından məhsulun bazara çıxarılmasına qədər qarşılaşdıqları hüquqi və digər maneələrin azaldılmasıdır.

“Əsas məqsədimiz Azərbaycanda fərdi sahibkarın, fiziki şəxsin və ya şirkətin ideyasının formalaşdığı andan məhsulunun bazara çıxarıldığı ana qədər qarşılaşdığı maneələri azaltmaqdır”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, bu məqsədlə beş əsas istiqamət müəyyənləşdirilib. Bunlar mövcud hüquqi qaydaların aydınlaşdırılması, vergi yükünün azaldılması, investisiya qoyuluşunun təşviqi, əqli mülkiyyət və müəlliflik hüquqlarının qorunması, həmçinin istedad və kadr inkişafıdır.

“İlk növbədə startap bilməlidir ki, hansı fəaliyyət qanunvericilikdə innovasiya fəaliyyəti hesab olunur və innovasiya fəaliyyətinə hansı güzəştlər və azadolmalar tətbiq edilir”, - deyə S.Hümbətzadə bildirib.

O qeyd edib ki, vergi yükünün azaldılması sahibkarlara əldə etdikləri vəsaiti bizneslərinin inkişafına yönəltməyə və məhsullarını təkmilləşdirməyə imkan verəcək.

“Startapların investorlarla tanış olması və investisiya cəlb etməsi qarşısındakı maneələri aradan qaldırmağa çalışdıq”, - deyə şöbə müdiri əlavə edib.

S.Hümbətzadə əqli mülkiyyət və müəlliflik hüquqları sahəsində də İT və innovasiya məhsullarının yaradılmasına dəstək verən mexanizmlərin formalaşdırıldığını bildirib.

O, həmçinin insan kapitalının və potensialının gücləndirilməsi istiqamətində qanunvericilik bazasının təkmilləşdirilməsinin əsas prioritetlərdən biri olduğunu vurğulayıb.

Şöbə müdiri güzəştlər paketinə də toxunub. Onun sözlərinə görə, paketdə vergi, miqrasiya, gömrük, dövlət satınalmaları və sosial sığorta sahələrində müxtəlif güzəştlərin tətbiqi nəzərdə tutulur.

“Bəzi qanunvericilik aktları artıq bu paketin çərçivəsində qəbul olunub. Vençur, kraudfandinq və digər maliyyə alətləri ilə bağlı qanun və fərman layihələri artıq təsdiqlənib”, - deyə S.Hümbətzadə bildirib.

O əlavə edib ki, güzəştlərlə bağlı təkliflər də artıq Milli Məclis tərəfindən qəbul olunaraq Prezidentin imzalanması üçün təqdim edilib.

“Yaxın günlərdə onların da təsdiq olunması gözlənilir”, - deyə S.Hümbətzadə qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti