“myGov” istifadəçilərinin sayı 4 milyona çatıb (FOTO)

İqtisadiyyat Materials 1 Sentyabr 2026 10:35 (UTC +04:00)
“myGov” istifadəçilərinin sayı 4 milyona çatıb (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“myGov” platformasının istifadəçilərinin sayı 4 milyona çatıb.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov “Media üçün rəqəmsal səriştələr” adlı maarifləndirici sessiya çərçivəsində təşkil olunan “Azərbaycanda rəqəmsal və innovasiya ekosisteminin inkişafı: yeni qanunvericilik imkanları” mövzusunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən rəqəmsal inkişafın sürətləndirilməsi istiqamətində həyata keçirilən layihələr çərçivəsində fəaliyyət planı hazırlanıb.

“Fəaliyyət planı fundamental olaraq dörd əsas istiqaməti – rəqəmsallaşma, süni intellekt, innovasiya və kibertəhlükəsizliyi əhatə edir”, - deyə F. Osmanov bildirib.

O qeyd edib ki, fəaliyyət planının icrasını dəstəkləyən dörd əsas prinsip müəyyənləşdirilib. Bunlara düzgün idarəetmə və əlaqələndirmə şurasının formalaşdırılması, infrastrukturun yaradılması, insan kapitalının inkişafı və qanunvericilik bazasının təkmilləşdirilməsi daxildir.

“İnfrastrukturun yaradılması çərçivəsində əlçatan internetin təmin edilməsi, “e-Gov” həllərinin formalaşdırılması, eləcə də rəqəmsal sistemlərin etibarlı və davamlı fəaliyyətinin təmin olunması nəzərdə tutulur”, - deyə agentlik sədri vurğulayıb.

F. Osmanovun sözlərinə görə, insan kapitalının inkişafı istiqamətində vətəndaşların, dövlət qulluqçularının, həmçinin təsərrüfat və iqtisadi subyektlərin rəqəmsal bilik və bacarıqlarının artırılması əsas prioritetlərdəndir.

O bildirib ki, qanunvericilik bazasının təkmilləşdirilməsi isə rəqəmsal inkişafı dəstəkləyən hüquqi çərçivənin formalaşdırılmasını nəzərdə tutur.

“Bugünkü görüşümüz və sessiyamız hazırlanmış, qəbul olunmuş və gözlənilən qanunvericilik dəyişiklikləri barədə məlumat vermək məqsədi daşıyır”, - deyə F. Osmanov qeyd edib.

Rəqəmsallaşma istiqamətində görülən işlərə toxunan agentlik sədri “myGov” platformasının fəaliyyətini xüsusi qeyd edib.

“Agentlik tərəfindən operatorluğu həyata keçirilən “myGov” platformasında bir çox dövlət xidmətlərinin rəqəmsallaşdırılması və platformaya inteqrasiyası təmin olunur. İstifadəçilərin sayı artıq 4 milyona çatıb”, - deyə o bildirib.

Onun sözlərinə görə, rəqəmsallaşma yalnız “myGov” platforması ilə məhdudlaşmır. Ayrı-ayrı dövlət qurumlarında göstərilən xidmətlərin və daxili informasiya infrastrukturlarının rəqəmsallaşdırılması, onların etibarlı və davamlı fəaliyyətinin təmin edilməsi də əsas prinsiplərdəndir.

“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tabe qurum olaraq ayrı-ayrı dövlət qurumları ilə effektiv əməkdaşlıq həyata keçiririk. Hər bir qurum üzrə diaqnostika və qiymətləndirmə işləri aparır, yol xəritələri hazırlayır, onları təsdiq edir və icrasını birgə əməkdaşlıq çərçivəsində təmin edirik”, - deyə F. Osmanov əlavə edib.

Süni intellekt istiqamətinə də toxunan İRİA sədri bildirib ki, hazırda hər bir mütəxəssis gündəlik iş fəaliyyətində müxtəlif süni intellekt həllərindən istifadə edir.

“Bu, işlərin optimallaşdırılmasına və vaxta qənaət edilməsinə kömək edir. Qarşıda duran əsas məqsəd dövlət xidmətlərinin rəqəmsallaşdırılması prosesində süni intellekt həllərinin tətbiqidir”, - deyə o vurğulayıb.

F. Osmanov əlavə edib ki, növbəti sessiyalarda süni intellekt istiqamətində daha dərin təlimlərin keçirilməsi nəzərdə tutulur.

İnnovasiyanın üçüncü əsas istiqamət olduğunu bildirən agentlik sədri bu sahədə əsas hədəflərdən də danışıb.

“İnnovasiya dedikdə startap ekosisteminin formalaşdırılması, kiçik və orta sahibkarlıq subyektlərinin innovativ layihələrə yönəldilməsi, xarici bazarlara çıxışın və maliyyə resurslarına əlçatanlığın artırılması, eləcə də yetkin bilik və bacarıqlara malik insan kapitalının formalaşdırılması nəzərdə tutulur”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, hazırlanmış qanunvericilik layihələri innovasiya ekosisteminin formalaşmasına ciddi töhfə verəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti