Azərbaycanda vençur fondları üçün yeni investisiya alətləri yaradılır - Türkan Hacıyeva

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Sentyabr 2026 11:44 (UTC +04:00)
Azərbaycanda vençur fondları üçün yeni investisiya alətləri yaradılır - Türkan Hacıyeva
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda startaplara investisiya yatırılması üçün SAFE və konvertasiya olunan qiymətli kağızlar kimi yeni maliyyə alətlərinin hüquqi əsası formalaşdırılıb.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Korporativ hüquq şöbəsinin müdiri Türkan Hacıyeva “Media üçün rəqəmsal səriştələr” adlı maarifləndirici sessiya çərçivəsində təşkil olunan “Azərbaycanda rəqəmsal və innovasiya ekosisteminin inkişafı: yeni qanunvericilik imkanları” mövzusunda çıxışı zamanı deyib.

O bildirib ki, vençur fondları tərəfindən startaplara investisiya yatırılması üçün SAFE və konvertasiya olunan qiymətli kağızlar kimi çevik investisiya alətlərinin hüquqi əsasları formalaşdırılıb.

“Peşəkar investorlardan vəsait cəlb edildikdən sonra bu vəsaitlər startaplara SAFE (Simple Agreement for Future Equity) və konvertasiya olunan qiymətli kağızlar vasitəsilə investisiya edilə bilər”, - deyə T.Hacıyeva bildirib.

Onun sözlərinə görə, SAFE mexanizmi xüsusilə ilkin mərhələdə olan, hələ səhmlərinin və ya paylarının formalaşmadığı startaplara investisiya qoyuluşunu asanlaşdırır.

“SAFE gələcəkdə əldə olunacaq əmlak hüquqlarına münasibətdə bağlanan əqddir. Startap bu gün investora verə biləcəyi səhmlərə və ya paya malik olmaya bilər. Belə olduğu halda investor yatırdığı vəsait müqabilində hüquqlarını necə təmin edə bilər? Məhz bu məqsədlə Mülki Məcəlləyə edilən dəyişikliklər çərçivəsində SAFE müqavilələrinin hüquqi əsası formalaşdırılıb”, - deyə şöbə müdiri qeyd edib.

T.Hacıyeva vurğulayıb ki, bu mexanizm investorla startap arasında gələcəkdə müəyyən şərtlərin baş verməsi halında investora müvafiq hüquqların verilməsini nəzərdə tutur.

“Gələcəkdə müəyyən konvertasiya hadisəsi baş verdikdə, məsələn, startap müəyyən inkişaf mərhələsinə çatdıqda və ya məhsulun kommersiyalaşdırılması təmin olunduqda, investorun gələcəkdə əldə edəcəyi səhm və digər əmlak hüquqları əvvəlcədən müqavilə əsasında təmin olunur. Bu, startap uğurlu olduğu və böyüdüyü halda investorun hüquq və maraqlarının qorunması üçün hüquqi əsas yaradır”, - deyə o bildirib.

Şöbə müdiri qeyd edib ki, əvvəlki qanunvericilikdə bu cür münasibətlərin tənzimlənməsi üçün kifayət qədər aydın mexanizmlər mövcud olmayıb.

“Bu qanunvericilik dəyişikliklərinin əsas məqsədi investora aydınlıq gətirməkdir. İnvestor bilməlidir ki, yatırdığı vəsait müqabilində hansı hüquqları var və həmin hüquqlar hansı səviyyədə və hansı hüquqi mexanizmlərlə qorunur”, - deyə T.Hacıyeva vurğulayıb.

Onun sözlərinə görə, yeni yanaşma çərçivəsində korporativ müqavilə, investorlarla səhmdarlar arasında münasibətləri tənzimləyən xüsusi əqdlər və emissiya hüquqları ilə bağlı bir sıra yeni hüquqi institutlar da formalaşdırılıb.

“Biz xüsusi iqtisadi zonalar yaratmaq əvəzinə, bu sahə üçün zəruri olan hüquqi institutları birbaşa mülki qanunvericiliyə inteqrasiya etdik. Korporativ müqavilə, investorlarla səhmdarlar arasında münasibətləri tənzimləyən xüsusi əqdlər, emissiya hüquqları və digər mexanizmlər bu çərçivədə formalaşdırılıb”, - deyə o əlavə edib.

T.Hacıyeva vençur fondlarının fəaliyyətinin iki fərqli rejim üzrə həyata keçirilə biləcəyini də diqqətə çatdırıb.

“Azad hesabatlı vençur fəaliyyəti və lisenziyalaşdırılan vençur fəaliyyəti olmaqla iki yanaşma müəyyən etdik. Azad hesabatlı vençur fondlarına münasibətdə lisenziya tələbi yoxdur. Onlar sadələşdirilmiş qaydada müraciət edərək fəaliyyətə başlaya bilərlər”, - deyə şöbə müdiri bildirib.

O qeyd edib ki, vençur kapitalı fondu istədiyi halda Mərkəzi Banka müraciət edərək lisenziyalaşdırılmış fond kimi də fəaliyyət göstərə bilər. Bu halda fonda hesabatlılıq, identifikasiya və digər prudensial tələblər tətbiq olunur.

“Azad hesabatlı fondlar tamamilə nəzarətsiz fondlar demək deyil. Sadəcə, lisenziyalaşdırılmış fondlara tətbiq olunan bütün ağır prudensial və identifikasiya tələbləri onlara eyni həcmdə tətbiq edilmir. Bu fondların ildə bir dəfə kənar auditor cəlb etməsi və audit nəticələrini müvafiq quruma təqdim etməsi tələb olunur”, - deyə T.Hacıyeva vurğulayıb.

Şöbə müdiri bildirib ki, azad hesabatlı vençur fondlarının fəaliyyəti üçün tələb olunan sənədlərin siyahısı da sadələşdirilib.

“Fondun təsis sənədləri, investisiya siyasəti və risk siyasəti kimi əsas sənədlər təqdim olunur. Burada əsas məqsəd maliyyə vasitəçisi kimi fondun idarəedicisinin investorları qarşıya çıxa biləcək risklər barədə məlumatlandırmasını təmin etməkdir”, - deyə o qeyd edib.

T.Hacıyevanın sözlərinə görə, innovativ layihələr yüksək riskli investisiya alətləri hesab olunur və bu səbəbdən investorların risklər barədə əvvəlcədən məlumatlandırılması xüsusi əhəmiyyət daşıyır.

“İnnovativ layihələr istənilən halda riskli layihələrdir. Belə investisiyalarda vəsaitin əhəmiyyətli hissəsinin uğursuz investisiya ilə nəticələnməsi mümkündür. Buna görə də risk siyasətinin açıqlanması və investorların məlumatlandırılması vacibdir”, - deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti