Bakı. Trend:
Azərbaycanın sığorta bazarında xarici iştirakçıların sayı artmaqda davam edir. Azərbaycan Mərkəzi Bankı (AMB) daha iki xarici sığorta brokerini xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta brokerlərinin reyestrinə daxil edib.
AMB-nin məlumatına görə, reyestrə daxil edilən yeni şirkətlər Qazaxıstana məxsus “Verny Insurance Broker” və Birləşmiş Ərəb Əmirliklərinin “SHIELDS Reinsurance Brokers Limited” şirkətidir.
“Verny Insurance Broker” 24 avqust 2026-cı il tarixində, “SHIELDS Reinsurance Brokers Limited” isə 26 avqust 2026-cı il tarixində reyestrə daxil edilib.
Bununla da Azərbaycanda fəaliyyət göstərmək hüququ əldə edən xarici sığorta brokerlərinin sayı 103-ə yüksəlib.
Qeyd edək ki, Mərkəzi Bank “Sığorta fəaliyyəti haqqında” qanuna əsasən sığorta sektorunda dövlət tənzimlənməsini və nəzarəti həyata keçirir, həmçinin sığorta bazarının peşəkar iştirakçılarının vahid reyestrini aparır.
Sığorta bazarının inkişafı və xarici iştirakçıların artması Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF-2026) çərçivəsində də diqqət mərkəzində olub.
Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova forum zamanı bildirib ki, son dörd il ərzində Azərbaycanın sığorta bazarı təxminən iki dəfə böyüyüb.
“Əldə olunan nəticələrə baxmayaraq, bazarın daha da böyüməsi üçün böyük potensial mövcuddur. Azərbaycanda sığortanın əhatə səviyyəsinin artırılması üçün geniş imkanlar var və məqsəd bu potensialın tam reallaşdırılmasıdır”, – deyə o qeyd edib.
Ü.Cabbarovanın sözlərinə görə, əsas hədəf yalnız bazar göstəricilərinin artırılması deyil, sığortanın əhali və biznes üçün daha əlçatan maliyyə alətinə çevrilməsi, eləcə də iqtisadi dayanıqlılığa töhfəsinin gücləndirilməsidir.
Azərbaycan bazarına maraq göstərən beynəlxalq qurumlar arasında İnvestisiya və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam Korporasiyası (ICIEC) də yer alır.
ICIEC-in Biznesin İnkişafı Departamentinin direktoru Yasir Alaki Trend-ə açıqlamasında bildirib ki, təşkilat Azərbaycanın sığorta və investisiya imkanlarını yüksək qiymətləndirir və ölkədə fəaliyyətini genişləndirmək niyyətindədir.
“Bu günə qədər Azərbaycanda ticarət və investisiyalar daxil olmaqla təxminən 120 milyon ABŞ dolları həcmində əməliyyatları sığorta təminatı ilə əhatə etmişik. Hesab edirik ki, bu hələ kiçik göstəricidir və ölkədə xidmətlərimizi genişləndirmək üçün böyük potensial mövcuddur”, – deyə Yasir Alaki bildirib.
O əlavə edib ki, ICIEC yerli banklarla əməkdaşlığın genişləndirilməsi, ixracın maliyyələşdirilməsinin dəstəklənməsi və Azərbaycana yeni investisiyaların cəlb olunmasına töhfə vermək istiqamətində fəaliyyətini davam etdirməyi planlaşdırır.
